“Yanaşı xəstəliklərim olsa da, ilk peyvənd vurduran tibb işçilərindən biriyəm. Həm şəkərli diabet, həm təzyiq, həm də ürəkdə aritmiya problemim var. Buna baxmayaraq, qorxmadan, ürəklə peyvənd olundum”.
Bunu “Report”a açıqlamasında 5 saylı Şəhər Klinik Xəstəxanasının Şüa-diaqnostika şöbəsinin müdiri Nərgiz Bağırova bildirib.
Onun sözlərinə görə, Azərbaycana vaksin gətirilənə qədər özünü virusdan ciddi şəkildə qorumağa çalışıb: “Sahəmlə əlaqəli işim çox təhlükəlidir. Çünki koronavirusla əlaqəli xəstələr rentgendən keçmək üçün yanıma gəlirdilər və bütün gün həmin şəxslərlə ünsiyyətdə olurdum. Əlimdən gəldiyi qədər özümü qorumağa çalışdım və bu günə qədər virusa yoluxmadım. Səbirsizliklə ölkədə vaksinasiya prosesinin başlamasını gözləyirdim ki, qorxu içərisində yaşamayım”.
N.Bağırova qeyd edib ki, allergiyası olsa da, çəkinmədən peyvənd olunub: “Hər kəs təəccüblənirdi ki, allergiyan var, amma necə ürəklə peyvənd etdirirsən. Vaksindən sonra heç bir allergik reaksiya olmadı, səhhətimdə ciddi dəyişiklik baş vermədi. Evə gedəndə peyvənd vurdurduğum qolumda heç iynənin yerini də tapa bilmədim. Vaksinasiya prosesindən çox razıyam və çox ümidliyəm. Bilirəm ki, özümü qorumağın yolu ancaq vaksinasiyadan keçir. Nə qədər çox insan peyvənd olunsa, xəstəlikdən o qədər tez azad ola bilərik. Odur ki, hər kəsi peyvənd olunmağa çağırıram”.
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır.
Fevralın 2-dən isə vaksinasiyanın 2-ci mərhələsinə start verilib.
Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.