Hazırda Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 788 nəfərdir.
“Report” xəbər verir ki, bunu Mərkəzin şöbə müdiri Pərvin Məmmədov deyib.
Şöbə müdirinin sözlərinə görə, onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda olanlar, 12 969-u isə 18-34 yaşlar arasında olanlardır: “Ötən il bu rəqəm 32 921 olub. Amma bu artımı respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni, biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.
P.Məmmədov qeyd edib ki, son dövrlər polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb: “Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə “metamfetamin” və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur”.