Respublika Narkoloji Mərkəz: Bu il məhkəmənin qərarı ilə 15 nəfər məcburi müalicəyə gətirilib

Respublika Narkoloji Mərkəz: Bu il məhkəmənin qərarı ilə 15 nəfər məcburi müalicəyə gətirilib “Adətən, narkotik istifadəçisi olan qadınları kişilər qazanc mənbəyi kimi buna cəlb edirlər”
Sağlamlıq
27 Dekabr , 2016 17:45
Respublika Narkoloji Mərkəz: Bu il məhkəmənin qərarı ilə 15 nəfər məcburi müalicəyə gətirilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Respublika Narkoloji Mərkəzində ötən il 23 153 nəfəri dispanser, 5 402 nəfəri profilaktik olmaqla, 28 555 nəfər qeydiyyatdan keçib. Onlardan 592 nəfəri qadındır. 

Bu barədə “Report”a açıqlamasında mərkəzin şöbə müdiri Pərvin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qeydiyyata alınanlar içərisində 18 yaşına qədər olan şəxslərin sayı cəmi 7 (toksikoman) nəfərdir: "Həmin şəxslər demək olar ən çox benzin və yapışqan (kley) iyləyənlərdir. Kley iyləməyin fəsadları narkotik maddənin fəsadlarından qat-qat çoxdur. Çünki onun tərkibində sırf zəhərli-kimyəvi uçucu maddələr var. Kley birbaşa sinir sisteminə mənfi təsir göstərir. Şəxsiyyəti inkişaf etməyə qoymur, mərkəzi sinir sistemində sinir hüceyrələrinin məhvinə gətirib çıxarır, ağciyərdə problemlərə səbəb olur. Onların əqli qabiliyyətləri aşağı düşür. Uşaqlar dilənçi və ya qaraçı olduqlarına görə toksikoman olmurlar. Əksinə, toksikoman olduqlarından tələbatlarını ödəmək üçün dilənirlər. Oğlanlar bu sahədə daha aktiv olur. Ümumiyyətlə, mərkəzdə qeydiyyatda olan narkotik istifadəçilərindən 1 349 nəfər 18-24, 3 880 nəfəri isə 25-29 yaşları arasındadır". 

Mərkəz rəsmisi bildirib ki, narkomaniya ilə bağlı ən çox müraciətlər cənub bölgəsindən, əsas da sərhədə yaxın ərazilərdən olur: "Çünki həmin ərazi İran İslam Respulbikası ilə sərhəd olduğundan qaçaqmalçılıq çoxdur. Digər regionlara gəlincə, Şirvan və Hacıqabuldan da müraciətlər olur. Bakı və Sumqayıt da böyük şəhərlər olduğundan bu siyahıya daxildir. Təbii ki, burada təbəqələşmədən söhbət gedə bilməz, onların arasında varlı-kasıb, savadlı və ya savadsız olanları da var”.

P.Məmmədov deyib ki, mərkəzdə müalicə könüllülük əsasında həyata keçirilir: "Adətən, xəstələr özləri müraciət edir. Lakin valideynlərin müşayiəti mütləqdir. Çünki mərkəz spesifik xəstəxanadır. Müalicə 4 mərhələdə həyata keçirilir. İki mərhələ mərkəzdə, digər ikisi isə reabilitasiya mərkəzlərində olmalıdır. Reabilitasiya mərkəzləri olmadığından bu mərhələ valideynlərin öhdəsinə düşür. Təbii ki, valideynlər bunun öhdəsindən gələ bilmir. Çünki psixoloq və psixoterapevtlər uzun müddət həmin şəxslərlə məşğul olurlar. Valideynlər də həm iş prinsipini bilmir, həm də səbirlə yanaşa bilmirlər. Müraciətlər əsasən xəstəliyin əsas mərhələsində olur: “Valideynlər çox nadir hallarda xəstəlik başlayan kimi övladlarını mərkəzə gətirir. Narkoloji xəstələrdə sağalmadan yox, remissiyadan (fasilə) söhbət gedə bilər. Fasilə də qısa və ya uzunmüddətli ola bilər. Ümumiyyətlə, narkotik maddələrin qəbulunu dayandırmaq insanın fərdi xüsusiyyətindən asılıdır. Yəni insanın iradəsi möhkəm və şəxsiyyəti formal olmalıdır.Əks təqdirdə müalicənin əhəmiyyəti olmayacaq. Müalicədən sonra xəstənin səhhətinin yaxşı və ya pis yöndə dəyişməsinin qeydiyyatını apara bilmirik. Çünki xəstə müalicə aldıqdan sonra çıxıb gedir, bəzən illərlə ondan xəbər ala bilmirik. Hətta 6, 8, 10 illlərlə müalicəsinə fasilə verən xəstələrim olub”.

Şöbə müdiri vurğulayıb ki, bu il qeydiyyatda olan xəstələrin sayında azalma müşahidə olunub: “Bu da qeydiyyata götürülənlərin sayının qeydiyyatdan çıxarılanların sayından az olması ilə bağlıdır. Bəzən insanlarda yanlış təsəvvür olduğundan müraciət etməyə çəkinirlər. Mərkəzdə ən çox heroin, tiryək, marixuana, həşiş, inyeksion narkotik istifadəçiləri müalicə olunur. Xəstələrə abstinensiya (adət etdikləri narkotiklərdən birdən və tam çəkindikdə əmələ gələn fiziki və psixi hal) vəziyyətinə çatmasına imkan verilmir. Çünki həmin prosesləri dərmanlar vasitəsilə dayandırırıq. Ancaq həmin şəxslə bağlı hansısa problem yarandığı təqdirdə mərkəzdən uzaqlaşdırılır. Müalicə müddəti ilk müraciət edənlər üçün 2 ay, təkrar xəstələr üçün isə 3 aydır. Lakin fiziki asılılığı aradan qaldırmaq üçün 2-3 həftə kifayət edir. Əgər xəstə normal müalicə alıbsa, sonrakı müddətdə asılılıq yaranmır və ikinci seans üçün reabilitasiya mərkəzinə getməlidir. Ancaq müalicə alan 100 xəstədən 10-15 nəfəri yenidən müalicə üçün geri qayıtmır. Yerdə qalan hissəsi isə həbs olunur, ölür və ya yenidən müraciət edir”.

P.Məmmədov məhkəmə qərarı nəticəsində məcburi müalicənin də mümkün olduğunu söyləyib: “Əgər həmin şəxs heç bir cinayət törətməyibsə və müalicəsi effekt verməyibsə, məcburi şəkildə müalicəyə cəlb olunur. Bu il məhkəmənin qərarı ilə 15 nəfər mərkəzə məcburi müalicəyə gətirilib. Adətən, narkotik istifadəçisi olan qadınları kişilər qazanc mənbəyi kimi buna cəlb edirlər”.  

Son xəbərlər

Orphus sistemi