Gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmalar tətbiq ediləcək

Gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmalar tətbiq ediləcək Bununla bağlı Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçiriləcək "Teen STAR" pilot layihəsi çərçivəsində proqram hazırlanıb
Sağlamlıq
17 Fevral , 2015 12:15
Gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmalar tətbiq ediləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın ənənəvi dəyərlərinə uyğun tərzdə gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmalar tətbiq ediləcək, maarifləndirmə işləri aparılacaq. "Report" xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçiriləcək "Teen STAR" pilot layihəsi çərçivəsində proqram hazırlanıb.

Proqram, həmçinin şagirdlərə, valideynlərə və müəllimlərə reproduktiv sağlamlıq barədə daha geniş məlumatlı olmağa yardım edəcək, ailədaxili ünsiyyət prosesini tənzimləyəcək. Proqram çərçivəsində müəllimlərə insan reproduktivliyinin fizioloji və bioloji cəhətlərinə dair biliklər bazası və bunları şagirdlərinə izah edə bilmək üçün təlimlər keçiriləcək.

Artıq İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin "Teen STAR" proqramının təqdimatı olub. Böyüklərin məsuliyyəti çərçivəsində cinsiyyətə dair maarifləndirməni əhatə edən proqram barədə Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin nümayəndəsi Nancy Russel məlumat verib. Təqdimatın məqsədi ABŞ-da tətbiq edilən "Teen STAR" proqramının Azərbaycanda da gerçəkləşdirilməsidir.

Xatırladaq ki, təcrübəvi pedaqogika metodlarından istifadə edən unikal elmi yanaşma olan "Teen STAR" beynəlxalq proqramı reproduktiv sağlamlıqla bağlı şagirdləri böyüklər kimi məsuliyyətli olmağa, öz dərrakəsindən və tənqidi yanaşma tərzindən istifadə etməyə çağırır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilmiş proqram Avropa, Şimali və Cənubi Amerika, Asiya və Afrika qitələri də daxil olmaqla, 30-dan çox ölkədə tədris edilib.

Son xəbərlər

Orphus sistemi