Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil olunub - FOTO

Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil olunub - FOTO Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil olunub.
Sağlamlıq
13 Sentyabr , 2019 11:26
Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil olunub - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil olunub.

''Report'' xəbər verir ki, jurnalistlərin iştirakı ilə gerçəkləşən infoturda əsas məqsəd laboratoriyaların imkanlarının, maddi-texniki bazasının geniş ictimaiyyətə çatdırılması olub.

Media nümayəndələri Kompleks Tədqiqatlar Laboratoriyasının fəaliyyəti istiqamətləri, ölkədə istehsal olunan, həmçinin idxal və ixrac olunan qida məhsullarının, qida qablaşdırma materiallarının, aqrokimyəvi maddələrin, baytarlıq preparatlarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması ilə yaxından tanış olublar.

Kompleks Tədqiqatlar Laboratoriyasının müdiri Fuad Ağayev bildirib ki, ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri – qida məhsullarının, həmçinin qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib: "Laboratoriyaya təqdim olunan nümunələr üzərində müayinələr beynəlxalq tələb və normalara uyğun olaraq aparılır. Burada dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərir. Hazırda bu laboratoriyada müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə istifadə edilən müasir avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir''.

F.Ağayevin sözlərinə görə, Azərbaycanda ilk dəfə məhz institutun laboratoriyalarında qablaşdırma materiallarına miqrasiya edən toksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikasiyası üçün ən müasir texnologiyalar tətbiq edilir: ''Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək dəqiqlik, həssaslıq və seçiciliklə həyata keçirilir. Laboratoriyaların maddi-texniki bazası, burada qurulan ən müasir cihazlar ölkəmizdə ilk dəfə energetik içkilərin komponentlərinin identifikasiya üzrə təyinatların aparılmasına imkan verir. Eləcə də sərinləşdirici və alkoqollu içkilərin toksikoloji tərkibinin müəyyən edilməsi, həmçinin istehsalı zamanı məhsula əlavə edilən kənar maddələrin identifikasiyası Kompleks Tədqiqatlar Laboratoriyasında ən müasir üsullarla həyata keçirilir. Həmçinin laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan Real Zamanlı Polimeraza Zəncirvari Reaksiya cihazında yoxlanılır. Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq təkmilləşdirilir və dünyanın ən qabaqcıl texnologiyalarının tətbiq edilməsi üçün maddi-texniki baza zənginləşdirilir. Yaxın gələcəkdə ən mürəkkəb sınaqlardan biri olan qida məhsullarında dioksinlər, bifenillər, toksofenlər kimi bir sıra çirkləndiricilərin təyininin, eləcə də kompozit qablaşdırma materiallarında tərkib və toksikoloji müayinələrin aparılması planlaşdırılır. Həmçinin yemlərdə, bitki və heyvan mənşəli qidalarda geni dəyişdirilmiş orqanizmlərin təyini üçün laboratoriyaların yeni avadanlıqlarla təchiz edilməsi və yeni metodların işlənib hazırlanması üzərində işlər davam etdirilir. Laboratoriyaların xidmətlərindən sahibkarlarla yanaşı vətəndaşlar da yararlana bilərlər. İstehlak etdiyi məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı şübhələri olan vətəndaşlar Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına müraciət edə bilərlər''.

AQTİ-nin laboratoriya haqqında məlumat verən Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşı Aysel Cəlilova isə bildirib ki, laboratoriyalar 3 istiqamətdə fəaliyyət göstərir: "Bunlar heyvan, bitki və qida təhlükəsizliyidir. Hazırda laboratoriyada balın müayinəsi aparılır. Sentyabrın 28-dən oktyabrın 15-nə kimi bal yarmarkası keçiriləcək. Yarmarkaya qədər bütün bal məhsulları laboratoriyada müayinə edilir və həqiqiliyi yoxlanılır. Əgər uyğunsuzluq aşkarlanarsa AQTA-ya müraciət olunur".

Son xəbərlər

Orphus sistemi