“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb

“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb “Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi"nin ikinci mərhələsinin başa çatması ilə bağlı tədbir keçirilib.
Sağlamlıq
13 May , 2022 15:23
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb

“Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi"nin ikinci mərhələsi başa çatıb.

"Report" xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov, TOGEM-DER İdarə Heyətinin sədri Füsun Türken Uysal, Ankara Universitetinin Sağlamlıq elmləri fakültəsinin dekanı Əminə Özmete, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri, deputat Mihrimah Belma Satır iştirak ediblər.

Z.Əliyev layihənin ərsəyə gəlməsində dəstək olan Türkiyə qurumlarına təşəkkür edib və bu təcrübənin iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib. O söyləyib ki, agentlik qardaş ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: “Biz daim Türkiyənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsinə çalışır, icbari tibbi sığorta və səhiyyə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi istiqamətində mütəmadi olaraq qarşılıqlı səfər və görüşlər təşkil edir, birgə layihələr icra edirik”.

İdarə Heyətinin sədri həmçinin müharibə iştirakçılarının və şəhid ailəsi üzvlərinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu və Agentliyin bu istiqamətdə tədbirlər gördüyünü vurğulayıb: “2022-ci ilin yanvar-aprel ayları ərzində 6500-ə yaxın Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə icbari tibbi sığorta çərçivəsində 47 mindən çox tibbi xidmət göstərilib”.

TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov isə Türkiyənin daimi dəstəyini diqqətə çatdırıb: “Heç şübhəsiz ki, haqq savaşımızda qəhrəmanlıqla vuruşmuş qazilərimizin sağlamlıqlarına qovuşmasında Türkiyəli həkimlərin rolu danılmazdır. Bu günə qədər birgə əməkdaşlıq çərçivəsində Yaşat Fondu tərəfindən Türkiyəyə əməliyyat üçün göndərilmiş onlarla qazimiz qardaş ölkədə öz sağlamlıqlarına qovuşaraq vətənimizə qayıdıb”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı isə iki ölkə arasındakı əlaqələrin inkişafından və layihənin əhəmiyyətindən danışıb: “Sevindirici haldır ki, bu əhəmiyyətli layihəmizin bağlanış mərasimi Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu kimi sosial layihələrin isə davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcək, Türkiyədəki digər universitetlərin və sosialyönümlü qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasına çalışacağıq”.

Tədbirdə sonunda təlimçilərə və iştirakçılara müvafiq olaraq təşəkkürnamələr və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin cari ilin mart ayında keçirilmiş birinci mərhələsində vebinarlar keçirilib. May ayında Bakıda baş tutan 3 günlük təlimlərdə isə öyrənilən bilik və bacarıqlar təkmilləşdirilib. Layihəyə 70-dən çox əməkdaş cəlb olunub.

Son xəbərlər

Orphus sistemi