Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş II Alman- Azərbaycan Serebrovaskulyar Simpoziumu keçirilib.
Bu barədə "Report"a ATU-dan məlumat verilib.
ATU Tədris Terapevtik Klinikasının direktorunun elm və tədris işləri üzrə müavini Adil Nuriyev beynəlxalq simpoziumda müasir tibb üçün böyük əhəmiyyət kəsb edən aktual mövzuların müzakirə olunacağını diqqətə çatdırıb.
Tədbirin moderatoru, professor Ahmet Memiş bildirib ki, simpoziumda müzakirə edilən insult xəstəliyi ölüm səbəbinə görə dünya üzrə 3-cü yeri tutur: “Baş və onurğa beynin bir bölgəsini qidalandıran damarların patologiyasının yaratdığı keçici və qalıcı, yəni işemik və hemorragik tipli patologiyalara səbəb olan xəstəliklər qrupu insultlar adlanır. Amerikada aparılan tədqiqatlar göstərir ki, hər 40 saniyədən bir Birləşmiş Ştatlar vətəndaşı insult keçirir və hər 4 dəqiqədən bir ölkədə insult nəticəsində vəfat edən xəstə olur. Hər il ölkədə 800 min nəfərə yaxın insultdan əziyyət çəkən olur. Böyük Britaniyada isə hər il 100 min nəfər insultla xəstələnir və onlardan 400 mini 10 yaşına qədər olan uşaqlardır”.
Professor A.Memiş deyib ki, insult tibbi problem olmaqla yanaşı, həm də çox böyük iqtisadi problemdir. Ötən ildə ABŞ-da bu xəstəlik üçün 60 milyard dollar xərclənib. Odur ki, insultun qarşısını almaq, vacib profilaktiki tədbirlər görmək hər bir ölkənin səhiyyəsinin qarşısında dayanan əsas məsələlərdən biridir.
Simpoziumun diaqnostika bölməsində tibb üzə fəlsəfə doktoru Nuran Əmənullayev “Mərkəzi sinir sisteminin damar xəstəlikləri: statistika, təsnifat, klinika”, həkim Kamran Yaqubov “Beyin qan dövranı pozulmalarında diaqnostik KT və MRT, angioqrafiya”, Nuran Abdullayev “Neyroradioloji diaqnostikada ən son elmi yeniliklər” mövzusunda məruzə ediblər.
Daha sonra, beyin damarlarının anevrizmasında indiyə qədər ölkəmizdə icra olunmayan müalicə metodları barədə də məruzə və çıxışlar dinlənilib.
Sabah simpozium insultların kliniki hallarının müzakirəsi ilə işini davam etdirəcək.