Azərbaycanda QİÇS-lə mübarizə üzrə yeni tədbirlər proqramı hazırlanıb

Azərbaycanda QİÇS-lə mübarizə üzrə yeni tədbirlər proqramı hazırlanıb Videokonfrans formatında BMT Baş Assambleyasının İİV/QİÇS üzrə yüksək səviyyəli iclası keçirilib.
Sağlamlıq
11 İyun , 2021 12:31
Azərbaycanda QİÇS-lə mübarizə üzrə yeni tədbirlər proqramı hazırlanıb
Teymur Musayev

Videokonfrans formatında BMT Baş Assambleyasının İİV/QİÇS üzrə yüksək səviyyəli iclası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ölkəmizi nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edib.

Çıxışında Teymur Musayev Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında olduğunu vurğulayıb: "Lakin bu infeksiyanın transsərhəd olması nəzərə alınaraq, bu problem ölkəmiz üçün də aktual olaraq qalır. 2006-cı ildən etibarən, İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/WHO-nun dəstəyi ilə respublikada hər 5 ildə Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqram”ları qəbul olunur. Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Son proqram 2020-ci ilin dekabrında başa çatdı. Bu proqramda İİV cavabının bütün digər bölmələri ilə birlikdə əhaliyə pulsuz ARV terapiyası, test xidmətləri, əsas qruplar üçün profilaktik müdaxilələr təmənnasız verilir. Hazırda 2021-2025-ci illər üçün növbəti Dövlət Proqramı təsdiqləmə mərhələsindədir. Hədəflərin 95-95-95-ə çatması, damğalanma və ayrı-seçkilik hallarının aradan qaldırılması, habelə zərərin azaldılması proqramlarının daha da genişləndirilməsi üçün tədbirlər proqramına daxildir".

COVID-19 pandemiyasının, İİV-lə mübarizə planlı tədbirləri daxil olmaqla, həyatın bütün sahələrinə mənfi təsiri məsələsinə toxunan Teymur Musayev sərt karantin rejiminin və digər məhdudiyyətlərin gözlənilən 90-90-90 hədəfinə çatmaq nəticəsinə mənfi təsir göstərdiyini təəssüflə qeyd edib: "Ölkəmizdə İİV-in analardan uşağa yoluxmasının qarşısının alınması baxımından müsbət bir tendensiya var və 2015-ci ildən bəri İİV-in şaquli yolla yoluxma halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar, COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, Vərəm/HİV, narkoloji/HİV xidmətləri sahəsindəki xidmətlərin inteqrasiyasını təmin etdi".

T.Musayev Azərbaycanın “BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Məqsədlərinə nail olmaq” Konsepsiyasının mərhələli şəkildə icra etməsini, İİV infeksiyası ilə mübarizənin səhiyyə siyasəti çərçivəsində əhəmiyyətinin vacibliyini dərk edərək, BMT-nin İİV/QİÇS-lə bağlı Siyasi Bəyannamələrinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirdiyini vurğulayıb: "Azərbaycan İİV/QİÇS-lə mübarizəyə sadiq qalaraq, yeni Siyasi Bəyannamənin qəbul edilməsini alqışlayır və yeni reallıqları nəzərə alaraq, Bəyannamənin qəbul olunacağına ümid edirəm ki, 2030-cu ilədək İİV/QİÇS-in aradan qaldırılması hədəfinin həllinə öz töhfəsini verəcək".

Son xəbərlər

Orphus sistemi