Nərgiz Muğanlinskaya: "ABŞ-da cibimdə Azərbaycanın xəritəsini gəzdirirdim"

Nərgiz Muğanlinskaya: "ABŞ-da cibimdə Azərbaycanın xəritəsini gəzdirirdim" Azərbaycan hüdudlarından kənarda ölkəmizi uğurla təmsil edən həmvətənimizin sorağı ilə ABŞ-ın Vaşinqton şəhərindən 50 kilometr aralıda yerləşən və ilk paytaxtı olan Annapolis şəhərindəki Anne Arundel Tibb Mərkəzinə getdik.
Sağlamlıq
21 Sentyabr , 2020 15:50
Nərgiz Muğanlinskaya: ABŞ-da cibimdə Azərbaycanın xəritəsini gəzdirirdim
Nərgiz Muğanlinskaya

Azərbaycan hüdudlarından kənarda ölkəmizi uğurla təmsil edən həmvətənimizin sorağı ilə ABŞ-ın Vaşinqton şəhərindən 50 kilometr aralıda yerləşən və ilk paytaxtı olan Annapolis şəhərindəki Anne Arundel Tibb Mərkəzinə getdik. ABŞ-ın ən böyük xəstəxanlarından biri olan nüfuzlu tibb mərkəzində Terapiya və Daxili xəstəliklər üzrə rezidentura şöbəsinin direktoru işləyən professor Nərgiz Muğanlinskayanı artıq bu ölkənin tibb aləmində çoxları tanıyır. ABŞ-ın yüz ən yaxşı həkimi siyahısına iki dəfə düşən həmyerlimiz "Report"un xüsusi müxbirinə müsahibə verib.
 
- Nərgiz xanım, gənc yaşınızda ABŞ-da böyük uğurlara imza atmısınız. Bəs sizi bu ölkəyə nə gətirdi?

- Mən Bakıda anadan olmuşam. 1990-cı illərdə Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyi qızıl medalla bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil oldum. Buranı da qırmızı diplomla bitirdim. 2003-cü ildə, 17 il öncə ailəmlə bərabər ABŞ-a köçməli olduq. Əlbəttə, ilk vaxtlar mənim üçün çox çətin idi. Ancaq tibb sahəsi digər ixtisaslara və peşələrə bənzəməz. Bir sözlə, Amerikada tibb təhsili almaq çox çətindir, çünki hər il dünyanın dörd bir yanından bu ölkəyə həkim olmaq üçün gələn, ixtisasını artıran minlərlə insan var. Bütün çətinliklərə baxmayaraq, həkim olmağa qərar verdim. Çünki heç bir peşə ruhumu oxşaya bilməzdi. Ona görə də var-gücümlə çalışdım və bu illər ərzində ailəm mənə çox dəstək oldu. Tibb elmləri üzrə magistr dərəcəsini aldıqdan sonra MedStar Franklin Square Tibb Mərkəzində rezidenturaya qəbul oldum. Məzun olduqdan sonra universitetdə qalıb işləməyimi təklif etdilər. Təxminən 6 il Rezidentura şöbəsinin direktor müavini vəzifəsində işlədim. Bu müddətdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzi olan Con Hopkins Universitetində təxminən üç ilə yaxın dərs dedim. Daha sonra Anne Arundel Tibb Mərkəzindən dəvət aldım.Mənə xəstəxanada Rezidentura şöbəsini qurmaq və direktor olmaq təklif edildi. Mən də məmnuniyyətlə razılaşdım və və bu ilin iyun ayında ilk rezidentlərimizi qəbul etdik. Onların içərisində çox savadlı və bacarıqlı azərbaycanlı həkimlər də var. 

- Amerikada tibb təhsili almağın çox çətin olduğunu söylədiniz...

- ABŞ-da həkim kimi yetişmək üçün əvvəlcə magistratura, daha sonra isə rezidentura oxumaq şərtdir. Hər il sadəcə rezidentura üçün 15 yerə 10 mindən artıq müraciət qəbul olunur. Onlardan yalnız 300 həkim sorğudan keçir və onlardan da cəmi 15-i rezidenturaya qəbul olunur. Üç ildən sonra həmin həkimlər diplomlarını alıb ölkənin bütün ştat və şəhərlərindəki xəstəxanalarda işləyə bilirlər.

Bu gün tələbələrim səhər saat 5-də artıq iş başında olurlar. Onlar həkim kimi yetişmək üçün durmadan çalışırlar. Həyatda hər şey çətindir. Uğurlu insan odur ki, heç vaxt yıxılmasın. Uğurlu insan odur ki, yıxıldığı zaman ayağa qalxsın və güc toplayıb irəli doğru addımlasın. Mənim üçün uğurun düsturu budur. Əgər hədəf varsa, əzmlə çalışaraq istədiyin xəyalı reallaşdırmaq mümkündür. Bunun üçün sadəcə xəyallarınız, hədəfləriniz olmalıdır və dayanmadan çalışmalısınız.

- Hazırda işlədiyiniz müəssisədə koronavirus xəstələri də müalicə olunurlar. ABŞ-ın uzun müddətdir pandemiyanın episentri olduğu nəzərə alınarsa, həmin günlər xatirələrinizdə necə qalıb?

- Bu gün dünya çətin dövrdən keçir. Ötən əsrin 80-ci illərində QİÇS-lə (AİDS) necə mübarizə aparırdıqsa, bu gün də COVID-19-la savaşırıq. Bütün həkimlər kimi mən də bu prosesdə ön cəbhədəydim, koronavirusla, sözün əsl mənasında, müharibə aparırdıq və hələ də mübarizəmiz davam edir. Əslində, xəstəlik ilk olaraq ortaya çıxanda nə baş verdiyini anlamırdıq. Məlumat az idi, yeni xəstələr görəndə qorxuya düşürdük. Düşünürdük ki, pasiyentləri necə sağaldaq? Digər sağlam insanları necə qoruyaq? Bu sualları öz-özümüzə verir və qorxu içində yaşayırdıq. Hər səhər saat 5-də avtomobilimə oturub işə gələndə məni nəyin gözlədiyini bilmirdim. Məhz qızım ilk dəfə mənə dedi ki, ana sən olduqca çətin bir peşəni seçmisən. Çünki bütün valideynlər evdə oturanda mən hər gün işə gedirdim. Övladlarım onda başa düşdülər ki, mən niyə həkim olmağı bu qədər çox istəyirdim. 

Xatirimdədir, həmin günlərdə insanlar bizi çox dəstəkləyirdilər. Onlar xəstəxanalara çiçəklər, yeməklər göndərirdilər, bizi qəhrəman adlandırırdılar. Xəstəxanaların qarşısında “Burada qəhrəmanlar işləyir” lövhələri hələ də var. Təbii ki, çox çətin günlər idi. Həkimlərin əksəriyyəti otellərdə qalırdılar. Onlar sözün əsl mənasında qəhrəmanlıq edərək sinələrini qabağa verib sanki müharibədə iştirak edirdilər. Təəssüf ki, bu gün dünyanın hər yerində virusun qurbanı olan yüzlərlə həkim var. 

Ötən ilin dekabrından bu günədək xeyli sayda dərmanlar sınaqdan keçirildi və biz hansı dərmanların virus üzərində effektiv olmasını araşdırırdıq. Pasiyentlər 4-5 həftə xəstəxanalarda yatırdılar. Ancaq biz indi onları 1-2 həftəyə evlərinə göndəririk. Artıq insanlar özlərini qoruya bilirlər, eyni zamanda virusun gücü bir qədər zəifləyib. Artıq xəstələrin çoxu sağalır. Bütün bunlar çox müsbət və uğurlu göstəricilərdir. Əslində ABŞ-da da vəziyyət digər ölkələrlə eyni idi. Sadəcə ölkədə çoxsaylı test həyata keçirildi. Vətəndaşlar məlumatlandıqdan sonra yoluxma sayı azalmağa başladı. Çünki ABŞ-da insanlar karantin qaydalarına əməl edirlər. Onlar federal hökumətlərin aldığı bütün qərarları icra edirlər. 

Bu gün dünyada 165 vaksin üzərində iş gedir, onlardan 31-i insanlar üzərində sınaqdan keçirilmə mərhələsindədir. İnanırıq ki, bu ilin sonuna qədər koronavirusun vaksini tapılacaq və dünya bu bəladan qurtaracaq.

- Azərbaycanda koronavirusla mübarizə tədbirlərini necə dəyərləndirirsiniz?

- Azərbaycan, sözün əsl mənasında, mükəmməl bir hazırlıq planı ilə az sayda qurbanla bu virusu ölkədən uzaqlaşdırmaqdadır. Vətəndə baş verənləri çox yaxından izləyirəm. Azərbaycanda ürəkaçan mənzərəni görməyimiz dövlətin, hökumətin atdığı addımlar, tibb işçilərinin çevik yanaşması, sərt karantin qaydalarının tətbiqinin nəticəsidir. Artıq vəziyyət karantin qaydalarının bir qədər yumuşaldılmasına imkan verir. Mən insanları çox yaxşı başa düşürəm, onlar bayıra çıxmaq, dənizə getmək, təmiz havada gəzmək istəyirlər. Karantin hər birimizə işgəncə kimi gəlir. Ancaq sadəcə səbrli olub xəstəliyə yoluxmadan bu bəladan qurtulmaq üçün hökumətin qoyduğu qərarlara əməl etsək, inanın ki, tezliklə normal yaşantımıza dönə bilərik. 

- Bəs vətəndən uzaqda olmaq çətin deyil ki?

- Mən 2018 və 2019-cu illərdə ABŞ-da həkimlər arasında keçirilən sorğunun nəticəsi olaraq yüz digər tibb işçisi ilə bərabər ilin ən yaxşı terapevti seçilmişəm. Bu uğuru da azərbaycanlı kimliyimlə almağım qürurvericidir. Bu gün ABŞ-da mənim kimi sadəcə rezidentura şöbəsinin direktoru olan 600 həkim-terapevt var. Fəxr edirəm ki, onlardan yalnız biri, yəni mən azərbaycanlıyam. Ümumiyyətlə, mən hər yerdə Azərbaycanı təmsil edirəm və azərbaycanlı olmağımla fəxr edirəm. Evdə Azərbaycan bayrağı, iş otağımda Bakının şəkilləri var. Boş zamanlarımda Azərbaycan musiqisi dinləyərək istirahət edirəm. Çox maraqlı bir faktı sizinlə paylaşacağam. ABŞ-a yeni gəldiyim zaman azərbaycanlıyam deyəndə çoxu əlavə suallar verməli olurdu, onların ölkəmizlə bağlı məlumatı yox idi. Mən də qərara gəldim ki, cibimdə xəritə gəzdirim və Azərbaycandan danışdığım zaman açıb onu xəritədə göstərim. Eyni zamanda telefonumda Bakının gözəl şəkillərini saxlamışdım. Onları ölkəmdən danışdığım hər yerdə göstərirdim. Bu gün sevirəm ki, burda hər kəs Azərbaycanı tanıyır, vətənimin necə zəngin mədəniyyətə, incəsənətə, adət-ənənələrə malik olduğunu bilir. Bu gün işlədiyim xəstəxanadakı həkimlər Azərbaycana getmək üçün məzuniyyət götürəcəyim günü gözləyirlər. İki övladım var və onları Azərbaycan sevgisi ilə böyüdürəm. 

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi