Müxtəlif pəhrizlərə dair dəyərləndirmə aparılıb

Müxtəlif pəhrizlərə dair dəyərləndirmə aparılıb Son vaxtlar müxtəlif pəhriz sistemlərinin internetdə, sosial şəbəkələrdəki sorağı təbabət elminin rəyindən daha sürətlə yayılaraq dolğun məlumatların diqqətdən kənarda qalmasına səbəb olur. Bunu nəzərə alaraq Koloradonun Denver şəhərindəki “National Jewis
Sağlamlıq
1 Sentyabr , 2020 16:36
Müxtəlif pəhrizlərə dair dəyərləndirmə aparılıb

Son vaxtlar müxtəlif pəhriz sistemlərinin internetdə, sosial şəbəkələrdəki sorağı təbabət elminin rəyindən daha sürətlə yayılaraq dolğun məlumatların diqqətdən kənarda qalmasına səbəb olur. Bunu nəzərə alaraq ABŞ-ın Kolorado ştatının Denver şəhərindəki “National Jewish Health” (NJH) klinikasının tədqiqatçıları hazırda geniş istifadə olan bir sıra pəhriz sistemlərinə dair mövcud elmi rəylərin xülasəsini hazırlayıblar.

“Report” “American Journal of Medicine”ə istinadən xəbər verir ki, həmin xülasənin müəlliflərinə görə, ketogenik və fasiləli aclıq pəhrizləri qısa vaxt ərzində arıqlamaq istəyənlər üçün səmərəli vasitə olmaqla yanaşı, ketogenik pəhrizin həm də şəkər xəstəliyinə qarşı səmərəli üsul olduğu bildirilir. Belə ki, bir sıra tədqiqatlar zamanı ketogenik pəhrizdə saxlanılan siçanlarda acqarına qlükoza və insulin miqdarının düzəldiyi qeydə alınıb.

Bununla belə karbohidratların miqdarını azaldan, yağları isə artıran ketogenik pəhriz zamanı zərərli qatı piylərin qəbulu üzündən qanda lipid miqdarının artdığı, nəticədə ürək-damar xəstəliklərinə tutulma ehtimalının yüksəldiyi də qeyd olunur. Həmçinin ketogenik pəhrizin təməlini təşkil edən məhsulların uzun müddət qəbulu nəticəsində damarların kövrəkləşdiyinə, daha tez sındığına dair məlumatlar var.

Ketogenik pəhriz saxlayanların qidalarında karbohidrat miqdarının cüzi olduğu üçün orqanizm ketosis metabolik halına düşərək başlıca enerji mənbəyi kimi qlükozadan yox, piydən istifadə etməyə başlayır. Nəticədə insan tez arıqlasa da, təqribən bir il sonra əvvəlki çəkiyə qayıdır.

Bu üzdən ketogenik pəhrizin qısa müddətli üsul kimi səmərəli olduğunu qeyd edən tədqiqat müəllifləri bu sistemi kütləvi üsul kimi tövsiyə etməməyi üstün tuturlar.

Fasiləli aclığın da bütövlükdə faydalı olması ilə yanaşı, müəyyən yan təsirlər ehtimalını da unutmamaq məsləhət görülür. Məsələn, uzun müddət ac qalanların sonra ifrat miqdarda qida qəbul edərək, habelə düzgün qidalanmayaraq ürək-damar xəstəliklərinə qarşı həssas vəziyyətə gəlir. Fasiləli aclığın üstün cəhətləri barədə əksər məlumatların heyvanlar üzərində aparılan tədqiqatlarda əldə edildiyi, insanlar üzərində isə belə tədqiqatların aparılmadığı qeyd olunur.

Bu barədə NJH-ın Ürək-damar xəstəliklərinin profilaktikası şöbəsinin direktoru Əndrü Friman bildirib ki, fasiləli aclığın mümkün fəsadlarına dair xüsusi tədqiqatlar aparılmalıdır: "Xüsusilə şəkər xəstələri bu üsula baş vurmadan öz həkimi ilə məsləhətləşməli, qida fasilələri zamanı xəstəliyə nəzarət etməyin, o cümlədən hipoqlikemiya risqini dəf etməyin yollarını müzakirə etməlidirlər”.

Bütün bunlarla yanaşı, ilk növbədə, bitki pəhrizi və Aralıq dənizi pəhrizi kimi klinik tədqiqatları zamanı müsbət nəticə göstərən, o cümlədən ürək-damar sisteminə yaxşı təsir edən, hər hansı fəsad törətməyən pəhriz üsullarından istifadə etməyin daha əlverişli olduğu da vurğulanır.

Son xəbərlər

Orphus sistemi