Məktəblərdə keçirilən sorğunun nəticələri açıqlanıb

Məktəblərdə keçirilən sorğunun nəticələri açıqlanıb Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi mövzusunda sorğu 52 rayonda 167 məktəbdə aparılıb. 8598 uşaq sorğuya cəlb edilib. Onlardan 4586-nin cavabı sorğuda əsas götürülüb.
Sağlamlıq
19 Dekabr , 2019 17:14
Məktəblərdə keçirilən sorğunun nəticələri açıqlanıb
Xanlar Hacıyev / Report / Elchin Murad

"Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi mövzusunda sorğu 52 rayonda 167 məktəbdə aparılıb. 8598 uşaq sorğuya cəlb edilib. Onlardan 4586-nin cavabı sorğuda əsas götürülüb".

''Report'' xəbər verir ki, bunu "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim metodisti Xanlar Hacıyev deyib.

O bildirib ki, sorğuda iştirak edənlərin 48,2 faizi oğlanlardır: "Respondentlərin, təxminən, yarısı vaxtlarını evdə hər iki valideyni ilə keçirir, 45 faizi isə yalnız anaları ilə, 1.5 faizi ataları ilə vaxt keçirməyə üstünlük verirlər. Şagirdlərin 67.5 faizi onları narahat edən problemləri anaları ilə bölüşməyə üstünlük verir. 5.9 faizi isə ataları ilə problemləri həll etməyə çalışırlar. Göründüyü kimi analar uşaqlara daha yaxındır". 

X.Hacıyev vurğulayıb ki, yeniyetmələrin 93.1 faizi məktəbdə hər hansı problem olduqda onu valideynlərinin köməyi ilə həll edəcəklərini düşünür: "Həmyaşıdları ilə sevinc və kədərlərini bölüşə biləcək uşaqların nisbəti 13 yaşdakı qızlar arasında ən yüksək (74.8 %), 11 yaşlı oğlanlar arasında ən aşağıdır (45.3%). Ümumiyyətlə, qızların bütün yaş qruplarında problemləri bölüşməsi üçün oğlanlara nisbətən daha çox imkanları var. 13 yaşdakı qızların 72 faizi əmindir ki, bir sıra problemləri olduqda yoldaşları, həqiqətən, onlara kömək etməyə çalışacaqlar". 

O qeyd edib ki, həmyaşıdlarının dəstəyini almaq imkanları az olan məktəblilərin ən az göstəricisi 11 yaşlı oğlanlar arasındadır: "Ümumiyyətlə, qızlar (59.9 %) oğlanlara (48.7%) nisbətən daha çox dəstək almaq imkanlarına malikdirlər".

Son xəbərlər

Orphus sistemi