Məktəb bufetləri – real durum və təkliflər: “Hazır qidalardan uzaq durmaq lazımdır”

Məktəb bufetləri – real durum və təkliflər: “Hazır qidalardan uzaq durmaq lazımdır” Artıq 2022-2023-cü tədris ili yekunlaşmaq üzrədir. Bu tədris ilində bəzi məktəblərdə şagirdlər arasında qidalanma ilə əlaqəli xoşagəlməz hallar aşkarlandı.
Sağlamlıq
8 İyun , 2023 13:17
Məktəb bufetləri – real durum və təkliflər: “Hazır qidalardan uzaq durmaq lazımdır”

Artıq 2022-2023-cü tədris ili yekunlaşmaq üzrədir. Bu tədris ilində bəzi məktəblərdə şagirdlər arasında qidalanma ilə əlaqəli xoşagəlməz hallar aşkarlandı.

Misal olaraq, A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində narahatlıq yaranmışdı. Məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı müəyyən edilmişdi.

Ümumilikdə ölkədə fəaliyyət göstərən məktəb bufetlərinin idarə edilmə mexanizmi necədir?

“Report”un məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.

“Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı da müəyyən olunub.

Belə ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı aşağıdakı kimidir:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu

2. Bir gün əvvəl hazırlanmış qida

3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.

4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları

5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla)

6. İçalatı təmizlənməmiş quş

7. Vəhşi heyvanların əti.

8. Suda üzən quşların yumurtası və əti

9. Qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta

10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər

11. Termiki emala məruz qalmayan yaşıl noxud

12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar

13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər

14. Kremli şirniyyat məmulatları (piroq və tortlar)

15. Termiki emala məruz qalmayan, təbii halda olan kosmik və xama

16. Ev şəraitində hazırlanmış qatıq

17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları)

18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas

19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd

20. Təbli halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq

21 Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər

22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar

23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəz və meyvələr

24. Təbii kofe, energetik içkilər

25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar

26. Qazlaşdırılmış içkilər

27. Bitki yağları əsasında süd məhsulları və dondurma

28. Saqqız, çipslər

29. Tərkibində etanol olan (0,5%-dan artıq) qımız və turş süd məhsulları

30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər

31. Yumurtalı makaronlar, qayğanaq

32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroq və ponçiklər

“Təhsil haqqında” qanuna əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilməlidir. Məktəb yeməkxanalarında iaşə xidmətlərinə, qidaların keyfiyyətinə nəzarət məqsədilə müvafiq dövlət qurumları tərəfindən monitorinqlər aparılır. Təhsil sahəsinin idarəetmə qurumları bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Xatırladaq ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib. Yoxlama zamanı 172 ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib ki, bunlardan 42-də inzibati məsuliyyət yaratmayan (qida təhlükəsizliyi qeydiyyatına alınmamaq), 130-da isə inzibati məsuliyyət yaradan nöqsanlar müəyyən edilib, nəticədə təhsil müəssisəsinin məsul şəxsləri inzibati məsuliyyətə cəlb olunublar.

Yoxlamalar çərçivəsində müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınması, qida blokunun işçi heyətinin ilkin və dövri-tibbi müayinədən keçməsi, qida bloklarında yeyinti məhsullarının tədarükü, saxlanılması, etiketlənmə və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri və onları təsdiq edən müşayiətedici sənədlər, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu araşdırılıb və müvafiq aktlar tərtib edilib.

Həmçinin Elm və Təhsil Nazirliyi bu sahədə müvafiq araşdırma aparıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib.

Bəs mövcud nəzarət mexanizmi kifayətdirmi?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə “Report”a açıqlamasında deyib ki, qanuni mexanizmə görə məktəb bufetləri icarəyə verir:

“Nəzarətedici qurum isə birbaşa məktəbin özüdür. Əvvəlki illərdə bəlkə də bu kimi problemlər az idi. Məktəbdə hansı qidaların satışı ilə bağlı siyahı da var. Qidalanma ilə bağlı yaranan problemlərin başvermə səbəblərindən biri kimi əvvəl bufetlərin birbaşa məktəbə tabe olması idi. Bu da o deməkdir ki, məktəb əldə edilən pulun idarəolunmasında özü qərar verə bilirdi. Bu gün isə vəziyyət elə deyil, yəni məktəb bu məsələdə qərarverici deyil və bəzi boşluqlar yaranır, bundan da istifadə edirlər. Bütün bu səbəblərdən məktəb bufetin idarəolunmasında və nəzarətində maddi olaraq maraqlı deyil və prosesdə iştirak etmirlər”.

Məsələnin sağlamlıq tərəfinə gəlincə, mütəxəssislər uşaqların orqanizm və beyinlərinin ən sürətlə inkişaf etdiyi məktəb dövründə sağlam qidalanma çox vacib olduğunu vurğulayır.

Pediatr-infeksionist Aytən Ziyadova “Report”a açıqlamasında bildirir ki, uşaq sağlamlığında qidanın çox böyük əhəmiyyəti var:

“Bu da bağça və məktəb vaxtından başlayır. Valideynlərin övladlarının qidasına xüsusi diqqət etməsi mütləqdir. Məktəbli uşağın inkişafında dəmirə tələbat artdığı üçün qidalanmaya birbaşa nəzarət edilməlidir. Hazır qidalardan (paketlənmiş qidalar, tərkibində qatqı maddələri olan, rənglənmiş qidalar) uşaqları kənarlaşdırmaq, onlardan uzaq durmaq lazımdır vacibdir, çünki belə qidalar bağırsağı zədələyir”.

Həkim vurğulayır ki, məktəb bufetlərində açıq şəkildə satılan qidaları almaq yolverilməzdir: “Bu birbaşa infeksiya mənbəyidir. Şagirdlər həmin qidaların zərərsiz olduğunu düşünərək alıb yeyir və nəticədə bağırsağın mikroflorasına birbaşa zərər dəyir. Bununla da mikroflorası zədələnmiş uşağın orqanizmində sovrulma prosesində ciddi problemlər yaranır”.

Uşaqlarda şəkərsiz su qəbuluna diqqət etmək lazımdır, onları rəngli içkilərdən uzaq tutmaq lazımdır. Təəssüf ki, məktəb bufetlərində rəngli içkilərin satışı diqqəti cəlb edir. Bu cür içkilərin və açıq qidaların satışı məhdudlaşdırılmalıdır. Ümumilikdə paketlənmiş, rənglənmiş, tərkibində xüsusi qatqı maddələri olan qidaların satışına qadağa qoyulması məsləhətdir”.

Son xəbərlər

Orphus sistemi