İnsanların tiran şəxsiyyətə sevgisi haradan qaynaqlanır?

İnsanların tiran şəxsiyyətə sevgisi haradan qaynaqlanır? Siyasət və biznesdəki diktator tipli adamların mənfur əməllərinə baxmayaraq, insanların onlara qarşı rəğbət bəsləməsinin səbəbi məlum olub
Sağlamlıq
19 Avqust , 2020 20:00
İnsanların tiran şəxsiyyətə sevgisi haradan qaynaqlanır?

Siyasət və biznesdəki diktator tipli adamların mənfur əməllərinə baxmayaraq, insanların onlara qarşı rəğbət bəsləməsinin səbəbi məlum olub.

“Report” xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Journal of Leadership and Organizational Studies” dərgisində nəşr olunub.

Araşdırmanın nəticələrinə əsasən, uşaqlıqdakı ailə çevrəsi və yetkin dövrdə üstünlük verdiyi lider şəxsiyyət arasında bağ var. Belə ki, evdə mütəmadi münaqişələrlə qarşılaşmış, psixoloji travma almış yeniyetmələr gələcəkdə ideal bir liderin xüsusiyyətləri olaraq sosial cəhətdən arzuolunmaz əlamətləri qeyd ediblər.

Lonqitüd araşdırma 1979-cu ildə 130 yeni doğulmuş körpənin və onların valideynlərinin müşahidəsi ilə başlayıb. Anketlər vasitəsilə alimlər iştirakçıların şəxsi həyatının təfərrüatları barədə məlumat əldə ediblər.

1996-cı ildə uşaqların 17 yaşı olanda alimlər 102 gəncin məlumatlarını təhlil ediblər. Onlardan ailənin dinamikası, valideynlərinin səslərini qaldırması, bir-birini tənqid etməsi və ya fiziki zorakılığa meyil barədə soruşulub.

20 il sonra artıq yetkin yaşa çatmış iştirakçılardan ideal lideri təsvir etmək üçün onun əlamətlərini qeyd etmək istənilib. Münaqişəli ortamda böyümüş yeniyetmələrin 20 %-nin tiran idarəetmə modelinə üstünlük verdikləri ortaya çıxıb. Onlara görə, ideal lider obrazına xas olan əlamətlər isə bunları olub: hökmlü, inadkar, hakim, manipulyativ, mənfur, təkəbbürlü, səs-küylü, eqoist, dözülməz və tələbkar.

Alimlərin sözlərinə görə, belə liderlərin davranışlarını və cəlbediciliyini izah etmək üçün elm adamları əsasən onların yalnız şəxsiyyətlərini incələyiblər. İndi alınan nəticələr onu göstərib ki, belə tip liderlərin davranışlarını izah etmək üçün onların tərəfdarlarını da təhlil etmək gərəklidir.  

“Biz daim iyrənc insanların sosial iyerarxiyanın zirvəsinə çatdığını görürük, lakin niyə uğur qazandıqları haqqında az şey bilirik", - araşdırmanın həmmüəllifi Dayana Herbert Volker vurğulayıb.

Onun sözlərinə görə, tiranları uğurlu edən onların tərəfdarlarıdır:

“Tiranlar onları dəstəkləyənlər olmasaydı, nə biznes, nə də siyasətdə hökm edə bilərdilər”, - araşdırmaçı əlavə edib.  

Son xəbərlər

Orphus sistemi