Həkim: “İki gözünü itirmiş əsgər yenidən cəbhəyə qayıtmaq istəyirdi"

Həkim: “İki gözünü itirmiş əsgər yenidən cəbhəyə qayıtmaq istəyirdi" "Xəstələrimiz ən çox travma alan əsgərlər idi. Əsasən də ağız, üz-çənə, göz, burun- boğaz və kəllə-beyin zədəsi almış xəstələrdən ibarət idi".
Sağlamlıq
2635
7 Dekabr , 2020 13:21
Həkim: “İki gözünü itirmiş əsgər yenidən cəbhəyə qayıtmaq istəyirdi

"Xəstələrimiz ən çox travma alan əsgərlər idi. Əsasən də ağız, üz-çənə, göz, burun- boğaz və kəllə-beyin zədəsi almış xəstələrdən ibarət idi. Bu xəstələrin müalicəsi hərbi qospitalda başladı və Tədris Cərrahiyyə Klinikasında davam etdirildi. Bu ümummilli işimizə bizim şöbənin kollektivi ilə yanaşı, burun- boğaz, neyrocərrahiyyə və ağız- üz- çənə üzrə sahələrin də aparıcı mütəxəssisləri könüllü olaraq qoşuldu”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov deyib.

O, bu müddət ərzində 117 ağır xəstə üzərində gərgin əməliyyatlar apardığını qeyd edib: “Həkimlərimiz gecə - gündüz əllərindən gələni əsirgəmədilər. Mənə elə gəlir ki, biz üzərimizə düşən məsuliyyəti dərk etdik və gərgin işin öhtəsindən lazımınca gələ bildik. Bu gün qürurla deyə bilərik ki, vətən müharibəsində biz həkimlər əsgərlərimizə yetərincə qayğılarımızı göstərə bildik. Həmin zamanlar baş verən bir sıra maraqlı və yadda qalan faciəvi anlarla da qarşılaşdım. Heç vaxt yadımdan çıxmayan bu epizodları istəyirəm ki, sizinlə də bölüşüm. İki gözünü itirmiş əsgərin yenidən cəbhəyə qayıtmaq istəməsi və daha birisinin isə iki gözünü itirdiyindən- həkim, görəsən balalarımın üzünü bir daha görə biləcəyəmmi deməsi- mənim həyatımda rast gəlmədiyim ən sarsıdıcı və acınacaqlı məqamlardan biri olduğunu hesab edirəm. Və yaxud başqa bir ağır yaralı əsgərin “canım- qanım torpağıma və Azərbaycanıma qurbandır” söyləməsi məni nə qədər qürürlandırdığını heç cür sözlə ifadə edə bilmirəm”.

Son xəbərlər

Orphus sistemi