İqtisadiyyat Nazirliyinin tərkibində zərərli bakteriyalar aşkarladığı dondurmaların satışı davam edir

İqtisadiyyat Nazirliyinin tərkibində zərərli bakteriyalar aşkarladığı dondurmaların satışı davam edir Bir sıra marketlər adı "qara siyahı" ya düşən istehsalçıların məhsullarını satır
Sağlamlıq
208
31 İyul , 2017 16:55
İqtisadiyyat Nazirliyinin tərkibində zərərli bakteriyalar aşkarladığı dondurmaların satışı davam edir

Bakı. 31 iyul. REPORT.AZ/ Bakının bəzi marketlərində tərkibində insan sağlamlığı üçün təhlükəli olan bağırsaq çöplərinin aşkarlandığı dondurmaların satışı həyata keçirilir.

"Report"un apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, xüsusilə “A.Y.S-60” MMC-nin istehsal etdiyi və tərkibində zərərli mikroorqanizmlərin yol verilən normadan artıq olduğu aşkarlanan bəzi dondurmalar mağazada alıcılara təqdim olunur.

Belə ki, Binəqədi rayonu ərazisində yerləşən "Favorit" marketində, Biləcəridə fəaliyyət göstərən "Sarı Market" və eləcə də "Fərhad" marketlərində sağlamlıq üçün zərərli dondurmalar satılır.

Satış üçün cavabdeh olan şəxslərə, satıcılara satdıqları bəzi dondurmalarda bağırsaq çöpləri aşkarlandığını desək də, onlar bu barədə heç bir məlumatları olmadığını bildirdilər.

Mağazalarda apardığımız müşahidələr nəticəsində problem aşkarlanan dondurmaların qablaşdırılmasının da keyfiyyətsiz olduğu məlum oldu.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
Mövcud pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilib və həmin müəssisələrdə istehsal edilən və satış üçün nəzərdə tutulan məhsulların müayinəsi üçün müəyyən olunmuş qaydada nümunələr götürülüb.Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində:
- “AER Company Qrup” MMC-nin istehsal etdiyi “Çudo” şokoladlı, “AER” plombir şokoladlı, “AER” plombir vanilli, “Yasif” plombir və “Melisa”;
- “Band Milk” MMC-nin istehsal etdiyi “Nostalji” plombir, “Briket-krem brule” və vafli stəkanda olan qaymaqlı-şokoladlı;
- fiziki şəxs Sərngül Yusubovanın istehsal etdiyi “Bakinskiy privet” plombir, “Meqapolis” şokoladlı plombir, “Cappuçino” qəhvəyi, “Matryoşka” plombir, “Selena” şokoladlı plombir, “Panda” südlü, “Meçta” şokoladlı plombir, “Arktika” şokoladlı plombir, “Tanqo” şokoladlı və “Tanqo” cemli;
- fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi “Mono Quality” badamlı, “Bakı gecələri” plombir, “Armada”, “Eskimo Yoloçka”, “Yeni şəhər” plombir;
- “S.A.B.A. Şirkəti” MMC-nin istehsal etdiyi “İçəri şəhər” qəhvəyi, “İçəri şəhər” qəhvəli, “Pristij” çiyələkli, “Pristij” qozlu, “Əsl” plombir;
- “A.Y.S-60” MMC-nin istehsal etdiyi “Südlü” klassik və “A-klass” dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “AER Company Qrup”a məxsus “Çudo” şokoladlı, “AER” plombir şokoladlı və “AER” plombir vanilli, habelə fiziki şəxs S.Yusubovaya məxsus “Bakinskiy privet” plombir, “Meqapolis” şokoladlı plombir, “Cappuçino” qəhvəyi, “Matryoşka” plombir, “Selena” şokoladlı plombir və “Panda” südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar “AER Company Qrup” MMC,“Band Milk” MMC, “S.A.B.A. Şirkəti” MMC, “A.Y.S-60” MMC, habelə fərdi sahibkarlar M.Poladov və S.Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi