​İmmunoprofilaktika pasportlarının yeni sistemi istifadəyə veriləcək

​İmmunoprofilaktika pasportlarının yeni sistemi istifadəyə veriləcək Məqsəd uşaqlara vurulan peyvəndlərlə bağlı məlumatların mərkəzləşdirilmiş formada daxil edilməsidir
Sağlamlıq
23 Aprel , 2015 20:59
​İmmunoprofilaktika pasportlarının yeni sistemi istifadəyə veriləcək

Bakı. 23 aprel. REPORT.AZ/ "Valideynlər uşaqlara peyvəndin vurulması barədə “Elektron Sağlamlıq Kartı”nda əks olunan məlumatları asanlıqla əldə edə biləcək". Bu barədə "Reporta" Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) məlumat verilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İmmunoprofilaktika pasportlarının yeni sisteminin istifadəsinə dair təlim keçirilib. İSİM-in təşkilatçılığı ilə keçirilən təlimi Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin nümayəndələri aparıblar. Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (VİQA) Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində keçirilən təlimin məqsədi və vəzifələri barədə layihənin həyata keçirilməsi üzrə icra qrupun üzvü Lütfi Qafarov məlumat verib: "Layihənin ikinci məqsədinin vəzifəsi Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsidir. İmmunoprofilaktika pasportlarının yeni sisteminin istifadəyə verilməsində məqsəd uşaqlara vurulan peyvəndlərlə bağlı məlumatların mərkəzləşdirilmiş formada daxil edilməsidir".

"2011-ci ildə Azərbaycanda aparılmış Demoqrafiya və Sağlamlıq Sorğusunun nəticələrindən aydın oldu ki, uşaqlara peyvəndlərin vurulma tarixi və s. ilə bağlı valideynlərin məlumatı azdır. İmmunoprofilaktika pasportlarının yeni sistemi valideynlərə uşaqlara peyvəndin vurulması barədə "Elektron Sağlamlıq Kartı"nda əks olunan məlumatları asanlıqla əldə etməyə imkan yaradacaq. Hazırlanmış "İmmunizasiya pasportu" kartları da valideynlər üçün məlumat kitabçası rolunu oynayacaq"- L.Qafarov deyib.

Müzakirələrdə uşaq poliklinikalarında peyvəndlə bağlı məlumatın daxil edilməsi zamanı rast gəlinən çətinliklərdən söhbət açılıb. Problemin həlli məqsədilə təklif və tövsiyələr dinlənilib.

Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən təlimdə ilkin səhiyyə müəssisələrinin, statistika xidmətlərinin kompüter operatorları və statistikləri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Avropa İmmunlaşdırma Həftəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşəbbüsü ilə hər il keçirilir. 2007-ci ildən etibarən Azərbaycan da Avropa İmmunlaşdırma Həftəsində iştirak edir.

Son xəbərlər

Orphus sistemi