İbrahim Əhmədov: “Uşaqların sağlam qidalanması üçün məktəblərdə tənəffüs vaxtı uzadılmalıdır”

İbrahim Əhmədov: “Uşaqların sağlam qidalanması üçün məktəblərdə tənəffüs vaxtı uzadılmalıdır” “Trans-yağları ürək-qan damar sistemi, təzyiq və digər xəstəliklərin sayını artırır”
Sağlamlıq
15 Mart , 2017 13:44
İbrahim Əhmədov: “Uşaqların sağlam qidalanması üçün məktəblərdə tənəffüs vaxtı uzadılmalıdır”

Bakı. 15 mart. REPORT.AZ/ “Bu gün ölkədə insanlar arasında rast gəlinən ürək-qan damar sistemi, təzyiq və digər xəstəliklərin yaranmasında trans-yağların mühüm rolu var”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov sağlam qidalanmaya dair tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün təmiz yağ əldə etmək çətindir: “Məktəblilərin sağlam qidalanması məsələsi 70-ci illərdən müzakirə olunan mövzudur. Bununla bağlı Milli Məclis qarşısında dəfələrlə məsələ qaldırılıb ki, sağlam qidalanma təhsil proqramına daxil edilsin”.

İ.Əhmədov bildirib ki, şagirdlərin məktəblərdə süd ilə qidalanması sağlam qidalanmaq demək deyil: “Əsas məsələ onlarda sağlam qidalanma vərdişlərini aşılamaqdır. Bu gün uşaqları “fast-food”lar, şirniyyatlar cəlb edir. Təbii ki, bunların da hamısı trans-yağlardan hazırlanır. Əgər bir məktəbdə ən azı 400 şagird təhsil alırsa, onların sağlam qidalanması üçün 15 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir. Milli Məclis qarşısında da məsələ qaldırılıb ki, məktəblərdə ictimai qidalanma blokları olmalıdır. Bu blokların kifayət qədər sayda oturacaq yerləri olmalıdır. 20 dəqiqə tənəffüs vaxtı olmalıdır ki, şagirdlər sağlam qidalana bilsinlər”.

O qeyd edib ki, qeyri-infeksion xəstəliklərdə yalnız sağlam qidalanma deyil, həm də yerli faktorlar və iqlim də öz rolunu oynayır: "Bu gün xəstəliklərin məhəlli xüsusiyyət kəsb etməsi barədə danışa bilmərik. Çünki rayonda öz məhsulunu becərənlərin çoxu onu yemir, Bakıda satmağa gətirir. Ötən əsrin sonlarında yod çatışmazlığı xəstəliyindən danışanda 11 rayonu  endemik zona olaraq qeyd edirdik. Lakin 2007-2009-cu illərdə ölkə üzrə keçirilən bioloji monitorinq nəticəsində dəniz kənarında olan Bakı, Sumqayıt və Lənkəran kimi ərazilərdə yaşayan əhali ilə dağlıq ərazilərdə yaşayan əhali arasında elə də ciddi fərq müşahidə olunmadığı aşkarlandı. Halbuki dəniz ətrafı ərazilərdə yaşayan insanlarda bu tip xəstəlik mövcud olmalı deyil” - deyə İ.Əhmədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi