​Həkim: “Mobil telefonlar onurğa sütunu xəstəliklərini artırıb”

​Həkim: “Mobil telefonlar onurğa sütunu xəstəliklərini artırıb” “Nə qədər imkan varsa, o qədər az danışmaq lazımdır”
Sağlamlıq
28 İyul , 2016 11:26
​Həkim: “Mobil telefonlar onurğa sütunu xəstəliklərini artırıb”

Bakı. 28 iyul. REPORT.AZ/ "İnsanlar arasında telefondan istifadə faizinin yüksəlməsi onurğa sütunu xəstəliklərini artırıb".

Bunu "Report"a fizioterapevt Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, insanlar telefondan istifadə edərkən bədənlərini əyirlər: "Boyun aşağı sallanmış vəziyyətdə telefonda saatlarla oyun oynayırlar. Bu da onurğada böyük problemlərə gətirib çıxarır. Sinir sıxılmaları, baş ağrıları özünü göstərir. Bundan başqa, telefon radiasiya da yaradır. Ona görə də telefonla çox danışmaq məsləhət görülmür. Nə qədər imkan varsa, o qədər az danışmaq lazımdır. Hətta telefon olmasa, çox gözəl olar".

Həkim bildirib ki, mobil telefonların olmadığı dövrdə insanlarda indiki kimi onurğa xəstəlikləri olmayıb. Hazırda isə bu xəstəliklə bağlı müraciət edənlərin sayı çoxalıb: "Onurğa problemi ilə bağlı müraciət edən xəstələrin müayinəsi, əlamətlərin araşdırılması zamanı narahatlıqların daha çox telefon istifadəsindən yarandığı ortaya çıxır. Problemlə bağlı müraciət edənlər arasında hər yaşdan olanlar var. İnsanın sağlamlığı birinci növbədə onun qamətindədir. Əgər onurğa stünunda problem yaşanırsa, bu insan sağlamlığına mənfi təsir göstərir. Zaman-zaman fəqərələr əyilir. Bu, skolioza gətirib çıxaran amillərdən biridir".

Z.Əliyev bildirib ki, bu gün Azərbaycanda onurğa sütunu xəstəliklərinin müalicəsində yeni üsullar tətbiq olunur: "Bu üsullar arasında defonaterapiyanı göstərmək olar ki, onunla da Azərbaycanda cəmi bir-iki həkim məşğul olur".  

Son xəbərlər

Orphus sistemi