Həkim: "Əhalinin 50 faizi peyvənd olunsa, sərt karantin rejiminin tətbiqinə ehtiyac qalmaz"

Həkim: "Əhalinin 50 faizi peyvənd olunsa, sərt karantin rejiminin tətbiqinə ehtiyac qalmaz" “Azərbaycanda karantin qaydalarının yumşaldılması yoluxma hallarının artmasını gözlənilən etmişdi. Şənlik mərasimlərinin keçirilməsi, iri ticarət mərkəzlərinin açılması, metronun fəaliyyəti, eləcə də insanların laqeydliyi və qoyulan qaydalara riayət etməm
Sağlamlıq
537
10 Avqust , 2021 16:13
Həkim: Əhalinin 50 faizi peyvənd olunsa, sərt karantin rejiminin tətbiqinə ehtiyac qalmaz

“Azərbaycanda karantin qaydalarının yumşaldılması yoluxma hallarının artmasını gözlənilən etmişdi. Şənlik mərasimlərinin keçirilməsi, iri ticarət mərkəzlərinin açılması, metronun fəaliyyəti, eləcə də insanların laqeydliyi və qoyulan qaydalara riayət etməməsi sayın artmasına öz təsirini göstərmiş oldu”.

Bunu “Report”a açıqlamasında 38 saylı Şəhər Poliklinikasının Yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssisi Nigar Əliyeva deyib.

Onun sözlərinə görə, vaksinasiya ilə bağlı yüksək rəqəmlərə nail olunsa, yumşalma tədbirləri ləğv olunmaz: “Yəni əhalinin 50 faizi peyvənd olunsa, sərt karantin rejiminin tətbiqinə ehtiyac qalmaz. Pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır. Peyvəndləmə üçün heç bir xəstəlik qəti əks-göstəriş deyil. İndiki vaksinlərin heç birinin orqanizm üçün ciddi fəsadı yoxdur. Bütün vaksinlərin yan təsiri ola bilər və bu da təbiidir. Yan təsirlərdən qorxub peyvənd vurdurmamaq doğru deyil”.

N.Əliyeva bildirib ki, vaksinasiya yeni mutasiyaların əmələ gəlməsinin qarşısını alır: “Buradan vətəndaşlara səslənirəm ki, qoruyucu tədbirlərə ciddi riayət edilməsə, yoluxma saylarının kəskin artması davam edəcək. Çünki “delta” ştamı sürətli yayılır. Hər iki doza vurduran şəxslər belə qapalı məkanlarda mütləq şəkildə maska taxmalıdırlar”.

Həkim-mütəxəssis bildirib ki, xüsusi risk qrupuna aid olan və vaksinasiya olunan xəstələr COVID-19-u yüngül keçirir: “İndiki vaksinlərin yeni ştamlara qarşı da qoruyuculuq qabiliyyəti var. Amma vaksin vurduranların sayı az olsa, növbəti yeni mutasiyalar üçün vəziyyət elə də ürəkaçan olmaz”.

O həmçinin əlavə edib ki, üçüncü doza vaksinin vurdurulması ilə orqanizmin immun yaddaşı daha da güclü olur: “Vətəndaşlar istənilən vaksin növünə müraciət edə bilər. Üç “qızıl” qaydaya – sosial məsafə, maska və gigiyenik qaydalara mütləq əməl etmək lazımdır”.

Qeyd edək ki, hazırda ölkədə 12 518 aktiv koronavirus xəstəsi var. Bu günə qədər xəstəlikdən 5 072 nəfər vəfat edib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi