Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri sahibkarları sərt tənqid edib

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri sahibkarları sərt tənqid edib "Hətta elə obyektlər də var ki, onlarda sanitar xidmət, ayaqyolu xidməti belə nəzərdə tutulmur"
Sağlamlıq
16 Sentyabr , 2015 12:59
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri sahibkarları sərt tənqid edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Sahibkar ilk növbədə işə götürdüyü insanın səhhətilə maraqlanmalıdır. Hansı şəraitdə işlədiyinə diqqət yetirməlidir. Bizim apardığımız araşdırmalar zamanı bu sahədə xoşəgəlməz hallar aşkar olunur". Bunu "Report"a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Azərbaycanda fəaliyyət göstərən müəssisələrdə əməyin gigiyenası ilə bağlı vəziyyəti dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, insanların çalışdıqları məkanlarda orqanizmə təsir göstərən mənfi amillərlə bağlı 2005-ci ildən bu günə qədər kifayət qədər metodiki məktublar, təlimatlar hazırlanıb, yəni sahibkarlar arasında maarifləndirmə işləri aparılıb: "Gizlədilməsi mümkün olmayan reallıqlar var. Daş istehsalı, plastik materialların istehsalı sahələrində hələ ki, nöqsanlar qalmaqda davam edir. Birinci növbədə işçi tozun qarşısını almaq üçün xüsusi gigiyenik geyimlə təmin olunmalıdır. Respiratorlardan istifadə etməlidirlər. Həmin nöqsanları aşkarlayanda ciddi tədbirlər həyata keçiririk. Binəqədi, Nizami, Qaradağ rayonları ərazisində əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin nəzdində olan nöqsanlı obyektlərin fəaliyyətinin dayandırılması haqqında qərarlar qəbul edilib. Məqsədimiz insanların sağlamlığına mənfi təsir göstərən amillərin aradan qaldırılmasıdır. İkinci növbədə həmin sahələrdə işləyən insanlar dövri - ən azı ildə bir dəfə müayinədən keçməlidirlər".

Z.Kazımov bildirib ki, aparılan tədqiqatlar sahibkarların tibbi müayinələrin aparılması məsələsinə ciddi yanaşmadığını göstərir: "İşçi tozla əlaqəli işdə işləyirsə və beş ildən sonra vərəm xəstəliyi əmələ gələrsə, bu insanın niyə bu xəstəliyə tutulduğu mənbə məlumdur".

Şöbə müdiri maşın təmiri, avtoyuma sahələrində olan problemlərdən də danışıb. Onun sözlərinə görə, belə məkanlarda insanlar 8 saat işlədiyindən, onlara normal iş şəraiti yaradılmalıdır: "Elə obyektlər var ki, fəaliyyətə qanunsuz başlayır. Hətta elə obyektlər də var ki, onlarda sanitar xidmət, ayaqyolu xidməti belə nəzərdə tutulmur. İnsan 8 saat işləyir. Onun fizioloji tələbatları var. Hara getməlidir? Bizim konkret apardığımız araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinə əsasən cərimə sanksiyaları qəbul edirik. Tibbi müayinə, ventilyasiya sistemi, sanitar-gigiyena məsələsi ən ciddi problemlərdir. 2015-ci ilin ilk yarısında bütün sahələr üzrə apardığımız təhlillər nəticəsində 630-a yaxın cərimə sanksiyası tətbiq edilib. Eyni zamanda, 129 obyektin fəaliyyətinin dayandırılması haqqında qərar verilib".

Z.Kazımov sahibkar məsuliyyətsizliyinə şərait yaradan problemlərə də toxunub: "Bu gün problemli məsələ odur ki, tutalım mən 1996-ci ildə hər hansı fəaliyyət növü ilə məşğul olmaq üçün yerli icra hakimiyyəti orqanına müraciət etmişəm və müəyyən qədər torpaq sahəsi ayrılıb və mənim orada hansı fəaliyyət növü ilə məşğul olacağım göstərilir. Tikinti aparılmadan öncə aidiyyəti dövlət orqanlarından icazə alınmalıdır. Yaxud tikintidən sonra bunu dövlət komissiyası qəbul edir, yoxsa yox. Sahibkar bu işləri yerinə yetirmədən obyekti icarəyə verməyə başlayır. Deyək ki, mən tikdirdiyim obyekti heç bir dövlət sənədi olmadan sizə icarəyə verirəm. Siz başqasına verirsiniz, problem bundadır. Dəfələrlə yerli icra hakimiyyəti orqanlarına da müraciət etmişik ki, qanunsuz fəaliyyət göstərən obyektlər haqqında bizə məlumatlar verilsin, biz də həmin obyektlərin fəaliyyəti haqqında qərar verək".

Son xəbərlər

Orphus sistemi