Fransalı ekspert Avropa İttifaqının vaksinasiya siyasətini tənqid edib

Fransalı ekspert Avropa İttifaqının vaksinasiya siyasətini tənqid edib Avropa İttifaqı ölkələri arasında əhalisinin ən çox peyvənd olunduğu ölkə Maltadır
Sağlamlıq
182
30 Mart , 2021 17:44
Fransalı ekspert Avropa İttifaqının vaksinasiya siyasətini tənqid edib
Jan-Antuan Düpra

"Bu gün Avropa ölkələri vətəndaşlarının çox az bir hissəsinin COVID-19 əleyhinə peyvənd olunmasına Avropa İttifaqının məsuliyyətsiz qərarları səbəb olub".

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Parisin Sarbon Universitetinin Urbanizm İnstitutunun direktor müavini, professor Jan-Antuan Düpra (Jean-Antoine Duprat) Avropada koronavirus vaksini ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı səviyyəsində COVID-19-a qarşı peyvəndlərlə bağlı qərarların qəbulu zamanı məsuliyyətdən qaçmaq cəhdləri var: "Bu gün Böyük Britaniyada əhalinin yarısı vaksinasiya olunduğu halda, Fransada əhalinin yalnız 10 faizi peyvənd edilib. Ümumiyyətlə, Avropa İttifaqı səviyyəsində peyvənd məsələsində əvvəldən böyük qüsurlara yol verilib. Aİ səviyyəsində üzərinə risk götürməkdən yayınmağa cəhdlər olub. ABŞ və Böyük Britaniya isə Aİ ölkələrindən fərqli olaraq, tez bir zamanda laboratoriyalarla peyvənd istehsalı üçün danışıqlara başlayıblar. Bu ölkələr vaksin istehsalı üçün tez bir zamanda dövlət və özəl sektorlar arasında əməkdaşlıq yaratmağa nail olublar. Bu müddət ərzində isə Avropa İttifaqı ölkələrində hələ də müzakirələr gedirdi".

Jan-Antuan Düpra deyib ki, Avropa vətəndaşlarının vaksinasiyasındakı gecikmələr ittifaq səviyyəsində inzibati süründürməçiliklə birbaşa bağlıdır: "Sanki Avropa İttifaqı mal alqı-satqısı zamanı olduğu kimi, qiymət öldürmək üçün danışıqlar aparmağa çalışdı. Məqsəd tez bir zamanda maksimum sayda əhalinin vaksinasiyasını təmin etmək idi. Avropa İttifaqından fərqli olaraq, İsrail həmin vaxt laboratoriyalarla vaksinlərin hamısını əldə etmək üçün birbaşa əməkdaşlıq müqaviləsi imzalamışdı. Hətta bunun üçün ən yüksək qiymətlə ödənişə də razılıq vermişdi. Ancaq Avropada inzibati süründürməçilik və icazə alınması prosedurunun ləng aparılması faktoru buna mane oldu. Bu da hazırkı çətin vəziyyətin yaranmasına səbəb olan başlıca aktorlardandır".

Fransalı professor Avropa İttifaqı ölkələrində əhalinin vaksinasiyası prosesinin ləng aparılmamasının səbəblərinə də toxunub: "Növbəti uğursuzluq peyvəndlər alındıqdan sonra onların əhaliyə vurulmasının təşkili zamanı üzə çıxıb. Belə ki, ölkələr arasında vaksinlərin vurulması sürətində kəskin fərqlər meydana gəlib. İlkin təhlillər zamanı bu sürətin ölkə əhalisinin sayı ilə bağlı olduğunu düşünsək də, dərin araşdırmalar zamanı digər faktorların də böyük rol oynadığını öyrəndik. ABŞ əhalisi Fransa əhalisindən qat-qat çox olduğu halda, peyvənd olunan insanların sayı da ABŞ-da Fransadan qat-qat çoxdur. Burada da Fransadakı inzibati sistemin mürəkkəbliyi və süründürməçiliyin şahidi oluruq. Eyni məsələ ilə məşğul olan şəxslərin çox olması bu məsələdə də süründürməçiliyə və nəticədə vaksinasiya prosesinin ləng getməsinə səbəb olub. Ancaq Böyük Britaniyada tibb sahəsindəki vəziyyət əhalinin sürətli vaksinasiyasına geniş imkan yaradıb".

Qeyd edək ki, Avropa İttifaqı ölkələri arasında əhalisinin ən çox peyvənd olunduğu ölkə Maltadır, bundan sonra isə Macarıstan gəlir.

Son xəbərlər

Orphus sistemi