Evdə müalicə edilən COVID-19 xəstəsinin mənzildə hərəkəti məhdudlaşdırılacaq

Evdə müalicə edilən COVID-19 xəstəsinin mənzildə hərəkəti məhdudlaşdırılacaq Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə hospitalizasiyaya ehtiyacı olmayan və ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktorları (hipertoniya, diabet, xroniki ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi, xroniki böyrək çatışmazlığı və ya immun çatışmazlıq və s.) olmayan təsdiqlənmiş COVID-19 xəstələr müvafiq müalicə müddətində ev şəraitində izlənilə bilər.
Sağlamlıq
27 İyun , 2020 12:36
Evdə müalicə edilən COVID-19 xəstəsinin mənzildə hərəkəti məhdudlaşdırılacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə hospitalizasiyaya ehtiyacı olmayan və ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktorları (hipertoniya, diabet, xroniki ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi, xroniki böyrək çatışmazlığı və ya immun çatışmazlıq və s.) olmayan təsdiqlənmiş COVID-19 xəstələr müvafiq müalicə müddətində ev şəraitində izlənilə bilər.

"Report" xəbər verir ki, bu, COVID-19 təsdiqlənmiş şəxslərin evdə müalicəsinə dair metodiki göstərişdə öz əksini tapıb.

Qeyd olunub ki, xəstənin monitorinq müddətində evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır. Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir. Xəstələrə və onların yaxınlarına tənəffüs gigiyenası mövzusunda xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən təlim keçirilməlidir (öskürən və ya asqıran zaman ağızlarını əl dəsmalı ilə bağlamalı (kağız dəsmallarına üstünlük verilir), istifadə olunan kağız dəsmallar neylon torbaya qoyulmalı və torbanın ağızını bağlayıb ikinci bir neylon torbaya atmalıdırlar, əllərini tez-tez yumalıdırlar). 

Bununla əlaqəli müvafiq broşur təqdim edilir. Xəstə yaxınlarına xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən xəstəliyin profilaktikasına dair təlim keçirilir. Evə gələn tibb işçiləri fərdi qoruyucu vasitələri tam geyinir. Evdə nəzarət ediləcək xəstəyə müşahidə müddətində özünütəcrid qaydaları və bu qaydaların pozulmasının hüquqi məsuliyyəti izah edilir və müvafiq razılıq forması imzalanır. 

Monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır. Xəstənin tibbi məlumatları ailə/sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti “COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir. 

Monitorinq nəticələri elektron ambulator karta əlavə edilir. Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün monitorinqi evdə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 1 metr məsafəni saxlamaqla və tibbi maska taxmaqla qalır. Maska nəm olduqda yenisi ilə əvəz olunur. Xəstənin ev daxilində hərəkəti mümkün qədər məhdudlaşdırılır. Xəstə insana qulluq üçün ailə üzvlərindən biri seçilir. Xəstə insana qulluq edən şəxs fərdi qoruyucu vasitələrdən istifadə edir.

Şərait olduğu təqdirdə, xəstə ayrı tualet və hamam otağından istifadə edir. Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqlar tez-tez havalandırılmalıdır. Hamam otağını və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırılmış ağardıcı (Natrium hipoxlorid). 

Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi ev əşyalarından ortaq istifadə etməməlidir. Bu əşyalar sabun və su ilə yuyulmalıdır. Xəstənin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 60-90°C-də yuyucu toz ilə yuyulmalıdır.

Xəstənin otağının təmizlənməsi zamanı əlcəklərdən və tibbi maskadan istifadə edilməlidir. Tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı (Natrium hipoxlorid) ilə təmizlənməli, əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. 

1/100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 100 ml ağardıcı əlavə edilməlidir. Özünüzdə respirator xəstəlik əlamətlərini (qızdırma, halsızlıq, öskürək, ürək bulanma, nəfəs darlığı) hiss etdiyiniz halda, TTTY xidmətinə müraciət edilməlidir. Xəstənin daşınması tələb olunarsa, nəqli zamanı müvafiq fərdi qoruyucu vasitələrdən istifadəsi təmin edilməlidir.

Son xəbərlər

Orphus sistemi