Baş mama-ginekoloq: "Erkən doğumların statistikası azalmağa doğru gedir"

Baş mama-ginekoloq: "Erkən doğumların statistikası azalmağa doğru gedir" "Hamiləlik müddətində qadın orqanizmində müəyyən dəyişikliklər baş verir ki, bu da gələcək uşağın sağlam, düzgün təməli üçün böyük rol oynayır"
Sağlamlıq
105
5 May , 2021 13:19
Baş mama-ginekoloq: Erkən doğumların statistikası azalmağa doğru gedir

"Hamiləlik müddətində qadın orqanizmində müəyyən dəyişikliklər baş verir ki, bu da gələcək uşağın sağlam, düzgün təməli üçün böyük rol oynayır. Övlad sahibi olmağı planlayan hər bir cütlük mütləq şəkildə ümumi müayinələrdən keçməlidir".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, bura qanın əsas göstəricilərini müəyyən edən analizlər aiddir: "Çünki, bu prosesdə əsas diqqət etdiyimiz məqamlar anadangəlmə xəstəliklərin-qüsurların olmasıdır. Çox zaman valideynlərə elə gəlir ki, onların övladları sağlamdır və həkimə ehtiyac yoxdur. Lakin gənc qadında hər hansı bir xəstəlik varsa hamiləlik zamanı bu xəstəliyin gedişatı kəskinləşir daha da ciddi klinik vəziyyətə gətirib çıxarır. Terapevt tərəfində müayinə zamanı aşkarlanan xəstəliklər səbəbindən daha ixtisaslı mütəxəssislərə müraciət etmək vacibdir. Hamiləlik baş tutduqda isə qadınların hamiləliyi mütləq müştərək şəkildə həkim mama-ginekoloq və daha ixtisaslı həkimlər tərəfindən idarə olunmalıdır. Hamilə qadınlarda göstəriş olduqda həkim tərəfindən hamiləliyin müəyyən kritik dövrlərində xəstəxanaların patologiya şöbələrinə hospitalizasiya olunaraq müalicə almaları mütləqdir".

S.Məmmədova iki doğuş arasındakı zaman fərqinə də toxunub. O qeyd edib ki, ümumilikdə doğuş arasındakı zaman 2-ildən az olmamalıdır: "Ananın hamiləlik dövrü, doğuş və 1 il ərzində körpəni ana südü ilə qidalandırmasına sərf etdiyi enerji 2 ilə bərpa olunur. Əgər bu zaman fərqi qısalarsa anaya ciddi ziyan dəyə bilər. Bərpa olunmamış orqanizmdə yeni bir həyatın əmələ gəlməsi və inkişafı müəyyən əngəllərlə rastlaşacaq. Bu səbəbdən deyilən məqamlara diqqət etmək lazımdır. Arzuolunmaz hamiləlikdən qorunmaq vacibdir, bu ananın və uşağın həyatına ciddi təhlükə yarada bilər".

Sevinc Məmmədova
Sevinc Məmmədova

Mütəxəssis keysəriyyə əməliyyatından sonra normal doğuşun mümkünlüyü barədə də danışıb: "Kəsik əməliyyatı, abdominal doğuş mütləq şəkildə ciddi göstərişlərlə icra olunur. Bu göstərişlər 5 kateqoriyaya bölünür. Ümumiyyətlə nəzəri olaraq bəzi ölkələrdə açıq əməliyyat otağı şəraitində müəyyən şərtlər gözlənilməklə keysəriyyə əməliyyyatı icra olunduqdan sonra normal doğuşu idarə edirlər. Lakin ölkəmizdə müvafiq qanunlara uyğun olaraq bu yolverilməzdir və uşaqlıq üzərində hər hansı bir çapıq olduğu halda bu bilavasitə təkrar cərrahi doğuşa göstərişdir. Keysəriyyə əməliyyatından sonra növbəti doğuş ən azı 2-2.5 il fasilə ilə tövsiyə olunur. Bu, əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki olan çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa onun durumundan asılı olan bir zamandır. Adətən bu suallara həkim mama-ginekoloq qadın məsləhətxanası şəraitində mavafiq müayinələr keçirildikdən sonra tövsiyəsini verir".

Erkən yaşda baş verən hamiləliklərin və ya doğuşların hansısa risklərinin olmasına da toxunan baş mama-ginekoloq əlavə edib ki, erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir.

Son xəbərlər

Orphus sistemi