Dövlət başçısı: "Səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir"

Dövlət başçısı: "Səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir" Strategiyanın formalaşdırılmasına gəldikdə, biz Dünya Bankının iştirakını çox alqışlayırıq. Fikrimcə, bu, gələcəyimizin planlaşdırılmasında bizə elə yardım edəcək ki, hədəfləri müəyyənləşdirəndə onlara nail ola bilək. Bir sözlə, strategiya məzmuna uyğun çox konkret olmalıdır və onun sayəsində biz dayanıqlı inkişaf məqsədlərinə və enerji sektorundan asılılığın azaldılmasına nail olmalıyıq.
Sağlamlıq
17 İyun , 2020 23:08
Dövlət başçısı: Səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir

"Strategiyanın formalaşdırılmasına gəldikdə, biz Dünya Bankının iştirakını çox alqışlayırıq. Fikrimcə, bu, gələcəyimizin planlaşdırılmasında bizə elə yardım edəcək ki, hədəfləri müəyyənləşdirəndə onlara nail ola bilək. Bir sözlə, strategiya məzmuna uyğun çox konkret olmalıdır və onun sayəsində biz dayanıqlı inkişaf məqsədlərinə və enerji sektorundan asılılığın azaldılmasına nail olmalıyıq".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.
Dövlət başçısı bildirib: 

"Beləliklə, Cənub Qaz Dəhlizi istismara veriləndən sonra əlbəttə ki, Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq. Qeyri-enerji sektoru onunla rəqabət apara bilməyəcək, lakin hesab edirəm ki, iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi özəl sektor olacaq. Bu baxımdan, mən Dünya Bankı nümayəndələrinin söylədikləri ilə tam razıyam.

Səhiyyə sektoruna gəldikdə, fikrimcə, son on altı il ərzində səhiyyə infrastrukturuna yatırdığımız sərmayələr, hazırda bizə koronavirusla mübarizə aparmaq imkanını yaratdı, çünki səhiyyə sistemimiz daha çox insanları müalicə etməyə qadirdir. Əfsuslar olsun ki, sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz bunun öhdəsindən gəlir. Ümid edirəm ki, gələcəkdə də bu imkanlar olacaq. Bir sözlə, səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir. Lakin əlbəttə ki, bizim ciddi təkmilləşdirməyə ehtiyacımız var və bunun üzərində birmənalı olaraq işləyəcəyik.

Su layihələri haqqında söylədiyim məqamlara qayıdaraq, cənab Molineisun söylədiyi “su təhlükəsizliyi” termini ilə tam razıyam. Bu, həqiqətən də bizim üçün təhlükəsizlik məsələsidir. Tam razıyam ki, biz bu sahəyə görə məsuliyyət daşıyan şirkətlərimizin və dövlət təşkilatlarının strukturunun lazımi qaydada formalaşdırılması məqsədilə təsisat əsasları üzərində çalışmalıyıq. Biz infrastruktura ciddi sərmayələr qoyacağıq. Bunlar bizim builki dövlət sərmayə proqramında əks olunub. Ümid edirik ki, Dünya Bankı ilə birgə infrastruktur və qənaət sahəsində biz daha geniş miqyasda işləyə bilərik. Burada qənaətə yeni texnologiyaların tətbiqi və lazımi idarəçilik nəticəsində nail olunması nəzərdə tutulur.

Qaldırmaq istədiyim digər bir məsələ də var və o, daim bizim gündəliyimizdədir. Həmin məsələ ətraf mühitin qorunmasıdır. Bu, xüsusən də Bakı və Abşeron yarımadasına aiddir. Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər.

Son xəbərlər

Orphus sistemi