Dermatoloq: “Şellakın, gelin, hətta adi lakın da dırnaqlara ziyanı var”

Dermatoloq: “Şellakın, gelin, hətta adi lakın da dırnaqlara ziyanı var” “Ən çox rast gəlinən problem dırnağın ətindən ayrılmasıdır”
Sağlamlıq
16 Oktyabr , 2017 16:04
Dermatoloq: “Şellakın, gelin, hətta adi lakın da dırnaqlara ziyanı var”

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Nəinki şellakın, gelin, hətta adi lakın da dırnaqlara ziyanı var”.

Bunu “Report”a açıqlamasında dermatoloq, uzman doktor Leyla Mirzoyeva bildirib.

Onun sözlərinə görə, gellər istifadə zamanı dırnağın içərisinə hər dəfə bir az daha dərindən nüfuz edir: “Çünki hər dəfə istifadə olunarkən dırnaq bir az daha incəlir. Şellak isə əksinə, dırnağı qurudur. Bu vasitələr tez-tez vurularsa, dırnağın kökünə mənfi təsir edər, bu da dırnağın əyriliyinə, dalğalanmasına gətirib çıxara bilər”.

Həkim-dermatoloq deyib ki, adi dırnaq boyası da tez-tez dəyişdiriləndə dırnağa ziyan verir: “Dırnaqlar havasız qalanda qırılır. Dırnağı boyadan təmizləmək üçün aseton tərkibli olmayan təmizləyicilərdən istifadə etmək məsləhətdir. Bəzən adi dırnaq lakına qarşı gözlərdə qaşıntı, qabıqlanma, hətta allergiya olur. Hazırda ən çox rast gəlinən problem dırnağın yatağından (ətindən) ayrılmasıdır. Bu da tez-tez manikur edilməsi, şellakın dəyişdirilməsi ilə bağlıdır. Bu cür prosedurlardan uzun müddət ara verməklə istifadə etmək lazımdır”.

L.Mirzoyeva qeyd edib ki, gel və şellakın özünün deyil, onların qurudulması üçün istifadə olunan ultrabənövşəyi şüalı lampaların dəriyə ziyanı var: “Ultrabənövşəyi şüalar dəri xərçəngi kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Həmin lampaların dırnağa yox, əl dərisinə ziyanı var. Şellak və geli qurutmaq üçün ultrabənövşəyi şüalı lampalardan yox, led lampalardan istifadə etmək məsləhətdir. Amma hər gel və şellak da led lampası ilə qurudula bilməz”.

Həkim-dermatoloq əl dərisinə günəş qoruyucu krem (SPF 50) çəkməklə onları ultrabənövşəyi şüalardan qorumağın mümkün olduğunu söyləyib: “Bu kremlərlə əl dərisində ləkə, çil, xal əmələ gəlməsindən, dəri xərçəngindən qorunmaq olar”. 

Son xəbərlər

Orphus sistemi