Deputat həkimlərin müdafiəsinə qalxdı: "Haqsızlıq edilir"

Deputat həkimlərin müdafiəsinə qalxdı: "Haqsızlıq edilir" "Həkimlərin sertifikasiya imtahanını bu çətin peşə sahiblərinə haqsızlıq kimi qiymətləndirirəm"
Sağlamlıq
19 Aprel , 2021 13:07
Deputat həkimlərin müdafiəsinə qalxdı: Haqsızlıq edilir
Müşfiq Cəfərov

“Həkimlərin sertifikasiya imtahanını bu çətin peşə sahiblərinə haqsızlıq kimi qiymətləndirirəm. Düşünürəm ki, 2020-ci ildən bugünədək pandemiya ilə mübarizə aparan, 44 günlük müharibədə əldə edilmiş zəfərdə kifayət qədər əziyyəti olmuş həkimlərimiz üçün sertifikasiya imtahanı ləğv edilməlidir. Son iki ilin bütün yükünü səhiyyə işçiləri daşıdı. Hətta onların bir qismini pandemiya dövründə və müharibədə itirdik. Cəmiyyəti ayaqda saxlayan əsas sütunlardan biri də səhiyyədir. İnsanların sağlamlığının qayğısını çəkmək olduqca vacibdir. Hər iki müharibədə canını heçə sayan neytral zonadan yaralı çıxardan, COVID-19-la mübarizədə gecəsini-gündüzünə qatanlara qarşı haqsızlıq edilir. Buna cəmiyyət olaraq etiraz etməliyik, bu onlara olan mənəvi borcumuzdur”.

"Report"un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat hesab edir ki, sertifikasiya ilə nə həkimlərin bilik səviyyəsini yüksəltmək, nə də tibb sahəsində mövcud olan qüsurları aradan qaldırmaq mümkündür:

“Ümumiyyətlə, qanunla Səhiyyə Nazirliyi işə götürən və həkimləri testdən keçirən qurum kimi çıxış edə bilməz. Azərbaycan qanunvericiliyinə görə, tibb sahəsində təhsil almış və internaturanı keçmiş bütün şəxslərin ölkə ərazisində həkim işləmək hüququ var. Bunu heç kim məhdudlaşdıra bilməz. Əslində bütün dünyada həkimliyin göstəricisini müəyyən edən həkimlər assosasiyalarıdır. Məsələn, dünya ölkələrində stomatoloqlar assosasiyası, terapevtlər, kardioloqlar assosasiyası və s. var. İctimai peşə təşkilatları yeni tibb sahəsini bitirmiş şəxsi üzv qəbul etməzdən əvvəl həmin şəxs imtahan verir, onun peşəkarlığı yoxlanılır, sonra üzv qəbul olunur. Bundan sonra onlar həkim fəaliyyəti ilə məşğul ola bilərlər. Bizdə isə bu səlahiyyəti nazirlik üzərinə götürüb. Əslində isə nazirlik bunu edə bilməz. Hüquqi baxımdan da ziddir. Belə ki, bildiyimiz kimi Əmək Məcəlləsinə görə işçi işə qəbul olunandan 1 il sonra attestasiyadan keçirilə bilər və o üç dəfə attestasiyadan keçdikdən sonra ömrünün sonuna kimi nə qədər işləsə, bir daha bu prosesə cəlb edilmir. Çünki artıq o sübut edir ki, bu işi bilir. 25-30 il işləyən həkimi attestasiya etmək isə heç xoş hal deyil. Yeni qəbul olunanları sertifikatlaşdırmaq isə başqa məsələdir. Bəli mən də bununla razıyam, amma bunu da Səhiyyə Nazirliyi etməməlidir. Digər tərəfdən sertikfiasiya bir növ unversitetin verdiyi diplomu tanımamaq və ya diplomu alıb adi bir sertifikat təqdim etməkdir”.

“Ümumiyyətlə, əgər imtahan olsa belə, bu tibbi xidmətin yaxşılaşdırılmasına yönəlmiş hər hansı təkmilləşdirmə kursundan sonra olsun. Əgər 35 il əvvəl kimyanı keçən həkim hər hansı kimyəvi termini yadında saxlamayıbsa, bu onun pis həkim olduğunu göstərmir. Sertifikat məhsula verilir. Yaxud insana hansısa kursda iştirakından sonra təqdim olunur. Sertifikat vermək niyyəti varsa müvafiq qurumun o halda həkimlər üçün ixtisasları üzrə təkmilləşdirmə kursları təşkil etsin və ya xarici ölkələrə təcrübə mübadiləsinə göndərsin", - deputat bildirib.

Son xəbərlər

Orphus sistemi