Depressiyanın əlamətləri nədir?

Depressiyanın əlamətləri nədir? Depressiya xəstələrində ürək çatışmazlığı və ürək problemləri riski ümumi populiyasiyadan, demək olar ki, 10 dəfə çox olur.
Sağlamlıq
17 Yanvar , 2020 16:10
Depressiyanın əlamətləri nədir?
Report / Elchin Murad

"Depressiya xəstələrində ürək çatışmazlığı və ürək problemləri riski ümumi populiyasiyadan, demək olar ki, 10 dəfə çox olur".

"Report" xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ümumiyyətlə, kardioloji problemləri olan insanlarda normal sağlamlığı olan insanlara nisbətən depressiya, təşvişli pozuntular, həm də stresslə bağlı pozuntular daha çox olur:

''Bəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Depressiyanın çox aydın şəkildə özünü göstərən əlamətləri var. Depressiyada olan insanlarda ruh düşkünlüyü ən azı 2 həftədən çox müşahidə edilməlidir. Əgər insanda bir neçə gün davam edirsə, belə şəxslərə depressiya diaqnozu qoyula bilməz. Depressiya hiss olan insanlarda maraq, zövq hissi azalır, enerjisi tükənir. Depressiya zamanı ya yuxusuzluq, ya da yatmağa meyllilik ola bilər. İştahın artması və ya azalması, ümumi aktivliyin artması və ya azalması ola bilər. Belə insanların intihar etməklə bağlı fikirləri də olur. Depressiya çox ciddi xəstəlikdir''.

Direktor bildirib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası dünya ölkələrində olduğu kimidir:

''Bütün dünyada olduğu kimi, Azərbaycanda da depressiyadan əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Depressiyadan əziyyət çəkənlərin intihar etməməsi üçün vacib olan şərt pozitiv düşüncənin olması, insanlarla səmimi insanlarla müsnasibətin qurulması və həkimə vaxtında müraciət edilməsidir. Depressiya qadınlar arasında daha çox müşahidə edilir. Bu, qadınların daha emosional cəhətdən daha həssas olması, kişilərə nisbətən qadınların daha məsuliyyətli olmasıdır. Digər tərəfdən, qadınlar kişilərə nisbətən daha çox zorakılığa məruz qalırlar. Məsələn, ailə dağıldıqda kişi bunu faciə kimi qəbul etmir, amma bu, qadın üçün çox çətin olur''.

Son xəbərlər

Orphus sistemi