Bu il Azərbaycanda 500-ə yaxın şəxsdə İİV-ə yoluxma faktı təsdiqlənib

Bu il Azərbaycanda 500-ə yaxın şəxsdə İİV-ə yoluxma faktı təsdiqlənib Nikaha daxil olmaq istəyən şəxslərin 90 nəfərində İİV-ə yoluxma qeydə alınıb
Sağlamlıq
30 Noyabr , 2016 11:16
Bu il Azərbaycanda 500-ə yaxın şəxsdə İİV-ə yoluxma faktı təsdiqlənib

Bakı. 30 noyabr. REPORT.AZ/ "Bu ilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 464 nəfərdə təsdiqlənib".

"Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirilmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan tədbirdə deyib.

O qeyd edib ki, həmin şəxslərdən 450-si (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir: "Qeydiyyata alınan 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. Bu günədək Mərkəzdə 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişən insanların sayı 794 nəfər olub".

Mərkəz rəsmisi əlavə edib ki, İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib, 7,3%-də yoluxma yolu müəyyən edilməyib.

Eyni zamanda, 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya (ART) hazırda 3 418 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 458 nəfərə müalicə bu ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 237 hamilə ART-yə qoşulub.

Bundan başqa, keçən ildən etibarən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114 315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

Tədbirdə o da qeyd olunub ki, bu ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib. Onlardan da 2,1 mln. nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. 2020-ci ilə kimi 30 mln. İİV-lə yaşayan insanı ARV terapiya ilə təmin etmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi