Baş onkoloq: “Onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların çoxu sağalır”

Baş onkoloq: “Onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların çoxu sağalır” Azad Kərimli: “Azərbaycanda xərçəng xəstəliyinin sayında artım var”
Sağlamlıq
21 Oktyabr , 2016 14:02
Baş onkoloq: “Onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların çoxu sağalır”

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayında artım var".

"Report"un xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş onkoloqu Azad Kərimli deyib.

O bildirib ki, əhalinin sayını nəzərə alsaq, başqa ölkələrlə müqayisədə Azərbaycanda bu xəstəliyin aşkarlandığı insanların sayı çox azdır: "Hazırda Azərbaycanda 40 min onkoloji xəstə qeydiyyatdadır. Son dövrlərdə bu xəstəlikdə azda olsa artım müşahidə olunur".

Xərçəng xəstəliyinin hansı növünün Azərbaycan ərazisində daha çox yayılması haqqında danışan mütəxəssisin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da kişilər arasında traxeya-bronx-ağciyər xərçəngi, qadınlar arasında isə süd vəzi xərçəngi diaqnozu daha çox qoyulur: "Xərçəng xəstəliyinə əsasən 50 yaşdan yuxarı adamlarda təsadüf olunur. Ancaq cavan yaşlarda da bu xəstəlikdən əziyyət çəkən insanlar var".

Baş onkoloq bildirib ki, xərçəng xəstəliyinə uşaqlar arasında da təsadüf olunur: "Deyərdim ki, bu xəstəlik təbiətin xəstəliyidir, çünki bütün canlılar arasında təsadüf olunur. İnsanlar arasında daha çox ona görə rast gəlinir ki, təkamül və şüur var. Uşaqlarda xərçəng xəstəliyi böyüklərdən fərqli olaraq müalicəyə daha çox tabe olur. Onkoloji xəstə uşaqların çoxu sağalır. Qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqlar Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Onkoloji Klinikasında müalicə olunurlar. Klinikada nə dərman, nə avadanlıq, nə də kadr tərəfdən heç bir problem yoxdur".

A.Kərimli qeyd edib ki, həm böyüklər, həm də uşaqlar arasında onkoloji xəstəliklər, onların təzahür formaları ilə bağlı maarifləndimə işlərinin aparılmasına ehytiyac var: "Bizdə maarifləndirmə işi xeyli zəifdir. Bəziləri ölkədə Uşaq Onkoloji Klinikasının olduğunu bilmir".

Mütəxəssis vurğulayıb ki, əhali arasında "xərcəng" xəstəliyi kimi adlandırılan onkoloji xəstəliklərlə bağlı böyük xof var: "Xərçəng" sözündən qorxmaq lazım deyil. İnanın ki, bu xəstəlik birinci, ikinci mərhələdə müalicə olunan xəstəlikdir". 

Son xəbərlər

Orphus sistemi