Baş onkoloq: "Xəstələri xaricə aparan çoxlu "makler"lər peyda olub"

Baş onkoloq: "Xəstələri xaricə aparan çoxlu "makler"lər peyda olub" "Bu gün ölkədə bu sahədə maarifləndirmə işləri çox aşağı səviyyədədir"
Sağlamlıq
4 Fevral , 2015 16:16
Baş onkoloq: Xəstələri xaricə aparan çoxlu maklerlər peyda olub

Bakı. 4 fevral. REPORT.AZ/ 4 Fevral - Xərçəng Xəstəliyi ilə Ümumdünya Mübarizə Günüdür. Dünyada hər il 14 milyon insana xərçəng diaqnozu qoyulur. Onlardan 8 milyon nəfəri ölür. Əgər tədbir görülməsə, dünya miqyasında xərçəng xəstələrinin sayı artaraq 2030-cu ildə 23 milyona çatacaq. Tərəvəz və meyvədən ibarət pəhriz, siqaretsiz həyat, fiziki fəaliyyətlər və normal bədən çəkisinin saxlanması xərçəng riskini 40%-ə qədər azaldır. Bu da hər il dünyadakı 3-4 milyon yeni xərçəng riskinin qarşısının alınması deməkdir.

"Report" bu günlə əlaqədar Azərbaycanın baş onkoloqu Azad Kərimlinin fikirlərini öyrənib. O bildirib ki, 2014-cü ilin dəqiq statistikası martın əvvəllərində hazır olacaq: "Azərbaycanda 2013-cü ildə 34 681 xəstə məhz xərçəng xəstəliyinin diaqnozu ilə qeydiyyatda alınıb. Onlardan 13 mindən çoxu 5 ildən çox yaşayan xəstələrdir. Həmin xəstələrin arasında 20 ildən çox yaşayanlar da var. Onlar vaxtında həkimə müraciət ediblər. Ona görə də onlardakı xəstəlik I və II mərhələdə aşkar olunub və qarşısı tez alınıb. Daha çox xərçəng xəstələri Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Ümumiyyətlə, bu problem bütün dünyada mövcuddur".

O, həmçinin qeyd edib ki, ictimaiyyəti onkoloji xəstəliklə bağlı maarifləndirmək lazımdır: "Çünki hər kəs bu xəstəlikdən qorxur. Onkologiyanın adı gələn kimi insanlar bu xəstəliyin onların həyatına son qoyduğunu düşünür. Lakin bu elə deyil. Bu gün Azərbaycanda onkoloji xəstələr üçün yaradılan şəraitin dünyada birinci-ikinci yerdə olduğunu tam əminliklə deyə bilərəm. Eyni zamanda, Milli Onkologiya Mərkəzində xarici standartlara cavab verən texniki baza da var".

Baş onkoloq hazırda televiziyalarda lazımsız reklamların nümayiş olunduğunu deyib: "Qadınların əksəriyyəti xaricdən dəvət olunan həkimlərə müraciət edərək, üz qırışlarını aradan qaldırmağa daha çox maraq göstərirlər. Bir nəfər çıxıb demir ki, ay qadın sifətindəki qırışının aradan qaldırılması maksimum 2 il çəkə bilər. Bundan sonra sifətin bərbad vəziyyətə düşə bilər. Təbiətin verdiyi qırışa toxunmaq olmaz. Ancaq qadınlar üçün mühüm olan süd vəzilərinin yoxlanmasına biganə yanaşırlar. Halbuki qadınlar 40 yaşından sonra ildə heç olmasa bir dəfə mamoqrafiya müayinəsindən keçməlidir".

A.Kərimli əlavə edib ki, bütün dünyada qadınlarda xərçəng xəstəliyi əsasən daha çox süd vəzisində, kişilərdə isə ağciyərlərdə təsadüf olunur: "Siqaret çəkən kişilərdə tək ağciyər xərçəngi deyil, eləcə də qırtlaq, traxeya, mədə və bağırsaq xərçənglərinə rast gəlinir. Lakin Azərbaycanda xərçəng xəstəliyinin artması ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. Ona görə də insanlar arasında təşviş yaratmaq lazım deyil. Bu gün ökədə maarifləndirmə işləri çox aşağı səviyyədədir. Mərkəz olaraq reklama ehtiyacımız yoxdur. Sadəcə istəyimiz televiziyaların həmin sahəyə yer ayırması və mütəxəssislərimizin efirə çıxaraq insanları düzgün istiqamətləndirə bilməsidir. Onkoloji problemin həlli tək onkoloqun işi deyil. Bu, həm də bütün səhiyyənin işidir. Bu xəstəliyə qarşı mübarizə ilk olaraq poliklinika həkimindən başlayır. Burada onkoloq son nöqtədir. Misal olaraq, xəstə elə vəziyyətdə bizə müraciət edir ki, onun xəstəliyinə müdaxilə etməkdə gec qalmış oluruq. Bu gün belə bir dəb yaranıb ki, xəstələr daha çox xarici ölkələrə gedirlər. Həmin ölkələrdə də qeyri-düzgün müalicə alıb sonra yenidən bizim üstümüzə qayıdırlar. Müstəqil ölkənin vətəndaşları azaddır. Lakin onlar da xaricə özbaşına getmirlər. Hazırda insanları avtobusa dolduraraq xaricə aparan çoxlu "makler"lər peyda olub. Guya həmin maklerlər insanlara onları müayinəyə növbəsiz keçirəcəklərinə dair söz verirlər".

Həkimlərin düzgün diaqnoz qoymaması məsələsinə gəlincə, baş onkoloq deyib ki, diaqnoz qoymaq həkim üçün ən böyük məsuliyyətdir: "Belə ki, əməliyyatdan əvvəl xəstəlik aşkar olunan yerdən toxuma nümunəsi götürüb laboratoriyaya göndəririk. Laboratoriya da təxminən on gündən sonra cavab verir. Ona görə də burada yanlış diaqnozdan söhbət gedə bilməz".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 2014-cü il üçün yaydığı hesabatda onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması səbəbindən bu xəstəliklərdən ölüm göstəricisinin 2013-cü illə müqayisədə hər 100 min nəfərə 68,7-dən 64-dək azaldığı məlumatı yer alıb. 

Son xəbərlər

Orphus sistemi