Baş həkim: "Göygöl rayonunun əksər tibb məntəqəsində həkim yoxdur"

Baş həkim: "Göygöl rayonunun əksər tibb məntəqəsində həkim yoxdur" Media nümayəndələri Göygöl və Yevlax Rayon Mərkəzi xəstəxanaları ilə tanış olublar
Sağlamlıq
28 Sentyabr , 2016 16:13
Baş həkim: Göygöl rayonunun əksər tibb məntəqəsində həkim yoxdur

Bakı. 28 sentyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi regionlarda yerləşən tibbi müəssisələrinə növbəti mediatur təşkil edib.

“Report”un məlumatına görə, media nümayəndələri bu dəfə Göygöl və Yevlax Rayon Mərkəzi Xəstəxanaları ilə tanış olublar. Jurnalistlərin baş çəkdiyi ilk səhiyyə ocağı Göygöl Rayon Mərkəzi Xəstəxanası olub.

Xəstəxananın baş həkimi Hamlet Ömərov bildirib ki, tibb müəssisəsinə il ərzində 3 000-ə yaxın xəstə müraciət edir: “2007-ci illə müayisədə bir ildə 400-ə yaxın körpə dünya gəlirdisə, keçən il bu rəqəm 2 038 olub. Bundan başqa, 2007-ci ildə cərrahiyyə şöbəsində cəmi 400-500 cərrahiyyə əməliyyat aparılırdısa, ötən il 1 670 cərrahiyyə əməliyyatı aparılıb”.

Rayon əhalisinin 62 min olduğunu xatırladan H.Ömərov qeyd edib ki, son illərdə 1 yaşa qədər uşaq ölümü azalıb: “Hətta son 2-3 ildir burada ana ölümü yoxdur. Bu günə qədər bizim rayonda qarayara, göy öskürək, tetanus və digər infeksion xəstəliklər müşahidə olunmur. Hazırda xəstəxanada 34 həkim, 30 nəfər isə orta tibb işçisi vakansiyası mövcuddur. Həkim ştatının sayı 124 olsa da, hazırda 78 nəfər bu vəzifədə çalışır. Əksər həkim məntəqələrində həkim yoxdur”.

Növbəti gün mediatur çərçivəsində Gəncə şəhərinin Səhiyyə İdarəsində mətbuat konfransı keçirilib.

Qeyd edilib ki, idarənin tabeliyində 35 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinik tiplidir.

2013-cü ildən A.Səhhət xəstəxanasının nəzdində fəaliyyətə başlayan 40 çarpayılıq hemodializ şöbəsində 250 nəfərədək xəstə proqramlı hemodializ olunur.

Səhiyyə İdarəsinin tabeliyində olan tibb müəssisələrində 794 həkim, onlardan 1 tibb elmləri doktoru, professor, 12 tibb elmləri namizədi, 1 636 tibb bacısı işləyir.

Konfransda çıxış edən Gəncə Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Namiq Nəbiyev vurğulayıb ki, stansiyaya gün ərzində 240-270, ay ərzində 70-75, il ərzində isə 90-95 min çağırış daxil olur: “Bu ilin yanvar-iyul ayları ərzində Təcili Tibbi Yardıma 46 126 müraciət daxil olub, onlardan 1 660-ı uşaqlarla bağlı olub. Müraciət edənlərdən 604 nəfər stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. İxtisaslaşdırılmış tibbi yardım göstərilənlərin sayı 4 176 nəfər olub. Bu il ərzində stansiyamıza 3 265 kardioloji, 211 isə psixiatrik problemlə bağlı çağırışlar daxil olub. Bu ilin yanvar-iyul ayları ərzində stansiyamıza doğum və hamiləlik patologiyası ilə bağlı 197, bədbəxt hadisələrlə bağlı 309 müraciət daxil olub. Onlardan 26-sı nəqliyyat hadisəsi ilə əlaqəli olub. Nəticəsiz çağırışların sayı isə 283-dür”.

Mediaturun sonuncu ünvanı Yevlax Rayon Mərkəzi Xəstəxanası olub. Səhiyyə ocağının baş həkimi İlhami Quliyev jurnalistlərə deyib ki, il ərzində xəstəxanaya 3 500-4 000-ə qədər xəstə qəbul olunur: “Onlardan 94 xəstə Bakı və digər regionlara müalicə üçün göndərilib. Göndərilən xəstələrin əksəriyyəti vərəm, onkoloji xəstələr olub. Burada 218 həkim, 564 tibb işçisi çalışır. Xəstəxanada 1 ay ərzində 30 xəstəyə xidmət edə biləcək hemodializ şöbəsi var və gün ərzində 3 dəfə seans aparılır. Hazırda bu şöbədə 65 xəstə var, onlardan 30 nəfəri yerli sakinlərdir”. 

Son xəbərlər

Orphus sistemi