Baş həkim: “Adam var yuxusu qaçdığına görə təcili yardım çağırır”

Baş həkim: “Adam var yuxusu qaçdığına görə təcili yardım çağırır” “Təcili yardımın ödənişli olması təklifinin yer aldığı layihə üzərində iş gedir”
Sağlamlıq
6 Sentyabr , 2016 13:28
Baş həkim: “Adam var yuxusu qaçdığına görə təcili yardım çağırır”

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Gələcəkdə “təcili tibbi yardım” xidmətinin ödənişli olması hələlik sadəcə təklifdir. Vəsaitin rasional qaydada tənzimlənməsi, əsassız çağırışların qarşısının alınması üçün bu cür addımın atılması labüddür”.

Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, təkliflərin yer aldığı layihə üzərində hazırda iş gedir: “Hər şey xırdalığına kimi qiymətləndirilir. Milli Məclisdə layihə təsdiqini tapdıqdan sonra ödənişli xidməti tədbiq etmək olar. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunduğu təqdirdə bütün bu məsələlər nəzərə alınacaq”.

Baş həkim qeyd edib ki, gün ərzində təcili tibbi yardıma 2 000-ə yaxın müraciət daxil olur: “Çağırış yerinə gedəndə həmin müraciətlərin çoxunun (təxminən 60 faizinin) bizə aidiyyətinin olmadığını görürük. Misal olaraq, kimsə yuxusunun olmaması, başının ağrıması, iştahasının olmaması ilə bağlı təcili tibbi yardıma müraciət edir. Bu cür çağırışlar üçün bizi çağırmaq olmaz. Vətəndaş başa düşməlidir ki, hər bir çağırışın arxasında dövlət vəsaiti sərf olunur.

Devalvasiyadan əvvəl bir nəfər üçün nəzərdə tutulan təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlirdi. Lakin indi bu rəqəm bir az artıb. Vətəndaşlar rahatlıqları baxımından poliklinakaya getmək istəmirlər. Hər kəsin evində lazımi prepatlar olmalıdır. Təcili tibbi yardımın özünəməxsus əsasnaməsi var. Təcili və qəfil hallarda yardım göstərilməlidir. Digər hallara aid çağırışlar isə bizə aid deyil. Ona görə də bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.

Son xəbərlər

Orphus sistemi