Bakıdan göndərilən yüksəkixtisaslı həkimlər regionlarda əhalinin tibbi müayinəsinə başlayıblar

Bakıdan göndərilən yüksəkixtisaslı həkimlər regionlarda əhalinin tibbi müayinəsinə başlayıblar Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ sakinlərinə tibbi xidmətin göstərilməsi üçün ezam olunan həkimlərə Sevinc Məmmədova rəhbərik edir
Sağlamlıq
353
24 Fevral , 2018 12:41
Bakıdan göndərilən yüksəkixtisaslı həkimlər regionlarda əhalinin tibbi müayinəsinə başlayıblar

Şəki. 24 fevral. REPORT.AZ/ Regionlarda yaşayan əhalinin tibbi müayinələrdən keçirilməsi üçün Bakıda işləyən yüksəkixtisaslı mütəxəssislərin bölgələrə ezam olunmasına başlanılıb. 

Səhiyyə Nazirliyinin bununla bağlı ölkənin şimal-qərb bölgəsinə təşkil etdiyi press-turda “Report”un əməkdaşı da iştirak edib. 

Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının əhalisinə tibbi xidmətin göstərilməsi üçün ezam olunanlar arasında briqadanın sədri kimi Respublika Perinatal Mərkəzinin direktoru, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova da olub.

Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş tutan tədbirdə çıxış edən S.Məmmədova qeyd edib ki, bu il regioanlarda əhalinin pulsuz müayinəsini təşkil etmək üçün 4 briqada yaradılıb: “Onlar Lənkəran, Şəki, Gəncə və Qubada fəaliyyət göstərəcəklər. Hər briqadanın tərkibində Bakının aparıcı səhiyyə müəssisələrinin baş mütəxəssisləri yer alıb. Briqadalar 15 gündən bir mayın 15-nə kimi regionlarda olacaqlar. Artıq 4-cü ildir ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinəsi keçirilir. Əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır”.

Baş mama-ginekoloq onu da əlavə edib ki, son illər Şəkidə ana ölümü qeydə alınmayıb: “Bu da doğuşayardım müəssisələrinin keyfiyyətli xidmət göstərməsi ilə bağlıdır. Bu gün ölkənin ən ucqar kəndində yaşayan qadınların belə doğuşuna cavabdeh şəxslər var. Hamilə qadının kənddən şəhərə getməsi vacib deyil. Həkimlər ayda 1-2 dəfə kəndlərə gedərək dövri müayinəni həyata keçirirlər. Rəsmi məlumata görə, artıq ölkədə evdə doğuş halları çox azalıb. Əlbəttə ki, şəraitlə bağlı olaraq evdə doğuşlar hələ də baş verir”.

Şəki RMX-nin baş həkimi Azad Novruzov qeyd edib ki, rayon üzrə 18 yaşdan yuxarı 84 137 nəfərin müayinədən keçirilməsi nəzərdə tutulub: “Bu məqsədlə MRX-nın Poliklinika şöbəsində 5 terapevtik kabinet, laboratoriyalar, 5 ultrasəs müayinəsi kabineti, 2 elektrokardioqrafiya endoskopiya, 2 rentgen kabineti, bütün dar ixtisaslı mütəxəssislərin kabineti fəaliyyəti göstərir. Artıq bu günə qədər 5 783 nəfər tibbi müayinədən keçib, 445 nəfər ambulator müalicəyə qəbul olunub, 16 nəfər isə Bakıya göndərilib”.

Baş həkim vurğulayıb ki, bəzi xəstələrin diaqnozunun dəqiqləşdirilməsi, daha da ixtisaslı müalicə və müayinə məqsədi ilə xəstəxananın stasionarında fəaliyyət göstərən həkimlərin xidmətindən istifadə olunacaq: “Ehtiyac yaransa xəstələr Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndəriləcək. Əhalinin tibbi müayinəsi Şəki Şəhər İcra Hakimiyyətinin nəzarəti və tərtib etdiyi qrafik əsasında aparılır. Qeyd olunan müddət ərzində Şəki şəhəri də daxil olmaqla 70 məntəqənin əhalisi müayinə olunacaq”.

Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov əlavə edib ki, 90-a yaxın idarə və müəssisənin işçi heyəti, eləcə də 34 kəndin əhalisi tibbi müayinədən keçiriləcək: “Müayinə aylığı müddəti ərzində 0-17 yaşdan yuxarı yaş qrupu üzrə 31 582 nəfər rayon sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Fevralın 12-dən bu günə kimi ümumilikdə 3504 nəfər müayinədən keçib. Müayinə zamanı 121 nəfərdə xəstəlik aşkarlanaraq ambulator müalicəyə, 28 nəfər stasionar müalicəyə cəlb olunub, 10 nəfər isə Bakıya göndərilib. Sağlamlıqları ilə əlaqədar müayinədə iştirak edə bilməyən əhalinin müayinəsi üçün iki həkim briqadası yaradılıb. Onlar cədvəl üzrə kəndlərə göndərilərək yerlərdə kənd əhalisini müayinə edəcəklər”.

Qax Rayon Poliklinikasının müdiri Cəmaləddin Hacıyev bildirib ki, ötən illə müqayisədə bu il müayinə üçün edilən müraciətlərin sayında artım müşahidə olunur: "Keçən ilə nisbətən bu il aktivlik daha yüksəkdir. Bunun əsas səbəblərindən biri də insanların regionlardakı həkimlərin qoyduğu diaqnozlara inamının artmasıdır. Müayinə müddətində 6000-dən çox Qax sakini müayinədən keçirilib, onlardan cəmi 1 nəfəri Bakıya müalicəyə göndərilib".

Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 12-dən mayın 12-nə kimi bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunacaqlar.

Ezam edilənlər arasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Endokrinoloji Mərkəzin, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Doğum evlərinin, Qadın Məsləhətxanalarının və digər tibb müəssisələrinin mütəxəssisləri var.

Son xəbərlər

Orphus sistemi