Bakıda Beynəlxalq Səhiyyə Sərgisinin açılışı olub - FOTO

Bakıda Beynəlxalq Səhiyyə Sərgisinin açılışı olub - FOTO Sərgidə dünya üzrə 20 ölkəni təmsil edən 121 şirkət iştirak edir
Sağlamlıq
19 Sentyabr , 2016 11:55
Bakıda Beynəlxalq Səhiyyə Sərgisinin açılışı olub - FOTO

Bakı.19 sentyabr.REPORT.AZ/ Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi - “BIHE 2016”-nın açılışı olub.

“Report”un məlumatına görə, sərgidə iştirak edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, 22 il ərzində sərgi tibb sahəsində istifadə olunan innovativ məhsulların təşviqi üçün yeni imkanlar yaradıb. 

O deyib ki, sərgiyə tibbi texnika, avadanlıq və dərman istehsalçıları, səhiyyə sistemində fəaliyyət göstərən peşəkarlar, eləcə də dövlət strukturları və ölkənin işgüzar çevrələrinin nümayəndələrini cəlb olunur.

Nazir müavini qeyd edib ki, sərgidə tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər və farmakoloji avadanlıqlar nümayiş etdirilir: "Builki sərginin fərqləndirici cəhətlərindən biri də farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər farmakologiya üzrə avadanlıq və texnologiyaları, eləcə də dərman zavodlarının istifadəyə hazır şəkildə tikintisini təqdim edəcəklər".

"İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov isə vurğulayıb ki,  “BIHE 2016” sərgisində 20 ölkəni təmsil edən 121 şirkət iştirak edir: "Bu şirkətlər arasında Azərbaycan, Almaniya, Belarus, Çin, İtaliya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna və digər ölkələrin təmsilçiləri var. Ümumilikdə, xarici eksponentlər sərgi iştirakçılarının 60%-ni təşkil edir".

O əlavə edib ki, sərgi çərçivəsində eyni zamanda, “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir - 11-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri keçiriləcək.

Açılış mərasimindən sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.

Xatırladaq ki, “BIHE” sərgisi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi