"Bakı Ürək Günləri" dördüncü beynəlxalq konqresi başlayıb

"Bakı Ürək Günləri" dördüncü beynəlxalq konqresi başlayıb Prezident İlham Əliyev konqres iştirakçılarına təbrik məktubu göndərib
Sağlamlıq
16 May , 2015 10:30
Bakı Ürək Günləri dördüncü beynəlxalq konqresi başlayıb

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkil etdiyi "Bakı Ürək Günləri" 4-cü beynəlxalq konqresininin rəsmi açılışı olub. 

"Report" xəbər verir ki, AÜDCC-nin sədri Kamran Musayev bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan konqresdə Azərbaycan da daxil olmaqla 24 ölkədən 70-ə yaxın mütəxəssis iştirak edir.

Onun sözlərinə görə, müzakirələr zamanı kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq: "Mübahisəli xəstəliyi olan pasientlər üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların tədbir salonunda canlı yayımı konqresin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. "Maketlər üzərində femoro-popliteal bypass (bud - dizaltı şuntlama)" və "Dana ürəyi üzərində koronar anastomoz" kurslarının xüsusilə gənc həmkarlarımıza çox faydalı olacağına inanıram".

K.Musayev qeyd edib ki, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya elmindəki son nailiyyətləri müzakirə etmək imkanı verəcək: "Təşkil ediləcək sosial proqram, xüsusilə əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər".

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlət başçısı İlham Əliyevin konqres iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Hazırda konqres işini davam etdirir.

Son xəbərlər

Orphus sistemi