Həkim: "Omikron"dan qorunmaq üçün daha məsuliyyətli olmaq lazımdır"

Həkim: "Omikron"dan qorunmaq üçün daha məsuliyyətli olmaq lazımdır" Son bir neçə gündə Azərbaycanda gündəlik koronavirusa yoluxma sayında az da olsa artım qeydə alınır.
Sağlamlıq
203
17 Yanvar , 2022 16:42
Həkim: Omikrondan qorunmaq üçün daha məsuliyyətli olmaq lazımdır

Son bir neçə gündə Azərbaycanda gündəlik koronavirusa yoluxma sayında az da olsa, artım qeydə alınır. Bəziləri bunu ölkədə koronavirusun yeni ştamı olan “Omikron”un aşkarlanması ilə əlaqəndirirlər. Hazırda dünyada 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır və son yoluxmalarda “Omikron” ştamı dominantlıq təşkil edir. Mütəxəssislər yaxın həftələrdə dünyada “Omikron”a görə növbəti dalğanın başlayacağını da qeyd edirlər. Hətta Ümumdünya Səhiyyə Təşkilatı mart ayına Avropa əhalisinin yarıdan çoxunun “Omikron” ştamına yoluxacağını proqnozlaşdırırlar.

İnfeksion xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Vasif Əliyev “Report”a açıqlamasında bildirib ki, hazırda ölkədə koronavirusun yeni ştamı ilə əlaqədar yoluxanların sayı artır: “Bu, gözlənilən idi, çünki yeni - “Omikron” ştamının yoluxuculuq qabiliyyəti digər növlərə nisbətən yüksəkdir. Lakin bu artım insanlar arasında təşviş yaratmamalıdır. Artıq Azərbaycanın koronavirusla mübarizədə kifayət qədər təcrübəsi var. Ölkədə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur”.

Onun sözlərinə görə, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır: “Əgər ölkədə pandemiyanın yeni dalğası olacaqsa, bunun öhdəsindən inamla gələcəyik. Əvvəlki illərə nisbətən üstünlüyümüzün həm təcrübə, həm çarpayı fondu, həm də vaksinləşmə prosesi ilə sürətli davam etməsi bizim üçün əlavə imkanlar deməkdir. Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 12 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda buster dozanı vurduranların sayı 1,7 milyonu keçir. Bu da o deməkdir ki, virusa qarşı qoruyuculuğu olan insan kütləsi kifayət qədərdir”.

Mütəxəssis deyib ki, hazırda xəstəxanalarda yatış “Delta” ştamına görə daha aşağıdır: “Həkimləri daha çox narahat edən məqam xəstəliyin nə qədər öldürücü olmasıdır. “Omikron” ştamının yoluxduruculuq qabiliyyətinin yüksək olmasına baxmayaraq, öldürücülük, xəstəxanaya yatış nəticəsi zəifdir. Bu da bizə ümid verir ki, gələcəkdə koronavirus infeksiyasının daha yüngül növlərinin meydana çıxması qaçılmazdır. Təbii ki, bu cür hallar bizi arxayın salmamalıdır. Hesab edirəm ki, yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi, pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür. Bununla belə, ölkədə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxduruculuq qabiliyyəti yüksək olan “Omikron” ştamı ölkədə var. Belə olan halda vətəndaşların daha məsuliyyətli davranması zəruri hesab olunur”.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesinin sürətlənməsini və bu ilin ortalarına qədər dünya əhalisinin 70 faizinin peyvənd olunmasını tövsiyə edir.

İnfeksiyanın yayılmasını şərtləndirən vacib məqam - bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü - buster dozanı vurduranların sayının azlığı ilə əlaqəlidir. Aparılan hesablamalar göstərir ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 12 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət sabitdir.

Müqayisə üçün digər ölkələrdəki vəziyyətlə tanış olmaq olar.

Rusiyanın paytaxtı Moskvada ötən həftə yoluxma sayı iki dəfə artıb. Ümumilikdə Rusiya ərazisində isə əvvəlki həftələrlə müqayisədə yoluxmanın artması 30 faiz çoxalıb - əsas səbəb "Omikron" ştamıdır. Prezident Vladimir Putin də ötən həftə xəbərdarlıq edib ki, hökumətin yeni yoluxma dalğasına hazırlaşmaq üçün cəmi bir neçə həftə vaxtı qalır.

Almaniyada isə restoran və barlara giriş şərtləri sərtləşdirilir. Vətəndaşlar tam vaksinasiya və testin neqativ nəticəsini təqdim etməlidirlər, amma buster doza vurduranlara bu tələblər şamil olunmayacaq.

Fransada da ökə parlamenti "Omikron" ştamına görə sanitar qaydaların sərtləşdirilməsini nəzərdə tutan qanun qəbul edib və yeni qaydalar yanvarın 20-dən qüvvəyə minir.

Yunanıstan və Avstriyada cərimə tədbirləri həyata keçirilir. Belə ki, Yunanıstanda hökumət 60 yaşdan yuxarı vaksin olunmamış vətəndaşlara aylıq cərimələr tətbiq edib. Bununla da yüz minlərlə insan cərimə ödəməli olacaq. Avstriyada isə ölkə kansleri 18 yaşdan yuxarı bütün vətəndaşlar üçün vaksinasiyanın məcburi olacağını bildirib, imtina edənləri 600 avrodan 3600 avroya qədər cərimə gözləyir.

Avropanın ən ucqar nöqtələrindən olan ada ölkəsi İslandiyada isə "Omikron"un geniş yayılması ilə COVID-19-un beşinci dalğası başlayıb. Fevralın 2-dən etibarən barlar bağlanır, 10 nəfərdən artıq insanın bir yerə toplaşmasına icazə verilmir.

Son xəbərlər

Orphus sistemi