Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlanıb

Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlanıb Bu il ərzində 134656 nəfər müayinədən keçib, 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb
Sağlamlıq
14 Dekabr , 2016 11:34
Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlanıb

Bakı. 14 dekabr. REPORT.AZ/ "Bu il ərzində Respublika Talassemiya Mərkəzinə 21009 müraciət daxil olub".

“Report” xəbər verir ki, bunu mərkəzin direktoru Ceyhun Məmmədov deyib.

O bildirib ki, bunlardan 2749-u ilk dəfə müraciət edən şəxslərdir və onlardan 276 nəfəri dispanser qeydiyyatına alınıb: “Hazırda mərkəzdə dispanser qeydiyyatında olan 2862 xəstə müalicə alır və dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatında olan xəstələrdən 976 nəfərinə mütamadi olaraq eritrositar kütlə köçürülür”.

Direktorun sözlərinə görə, mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb.

C.Məmmədov əlavə edib ki, 2015-ci ilin iyun ayından həyata keçirilən ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayır: “Aparılan müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. Bu il ərzində 134656 nəfər müayinədən keçib, 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32-i cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınlb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib”. 

Son xəbərlər

Orphus sistemi