Azərbaycanda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycanda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb Hemodializ şöbəsinin müdiri: "Böyrək çatışmazlığı xəstəliyi tam müalicə olunmadığından xəstələrin sayının azalması mümkün deyil"
Sağlamlıq
22 Oktyabr , 2015 12:25
Azərbaycanda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 2 812 xəstə dializ alır". Bunu "Report"a açıqlamasında M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Onun sözlərinə görə, Bakıda 1132, regionlarda isə 1680 xəstəyə dövlət hesabına hemodializ yardımı göstərilir. Şöbə müdiri bildirib ki, hazırda Azərbaycanın xəstəxanalarında 35 dializ şöbəsi fəaliyyət göstərir. Onlardan 8-i Bakı şəhərində, 27-si isə regionlardadır: "Həmçinin, respublikada 534 dializ aparatı var".

F.Babayev xatırladıb ki, Azərbaycanda böyrək çatışmazlığı xəstələri arasında bu il də Gəncə, Şəmkir, Mingəçevir və Bərdə sakinləri daha çox olub. Şöbə müdiri qeyd edib ki, bu göstərici həmin regionlarda xəstəliyin daha çox yayılmasına görə deyil, həmin ərazilərdə insanların sayının çox olması ilə bağlıdır: "Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin sayı heç vaxt azalmayacaq, çünki bütün dünyada tək böyrək çatışmazlığı yox, eləcə də müxtəlif xəstəliklərin sayında artım qeydə alınır. Məsələn, ötən il Azərbaycanda şəkərli diabetdən əziyyət çəkən insanların sayı 136 min idisə, bu il həmin rəqəm 250 min olub. Bu da istər-istəməz həmin xəstələrdə böyrəklə bağlı fəsadların yaranmasına səbəb olacaq. Bundan başqa, əvvəllər regionlarda yaşayan insanlar böyrəkləri ağrıyanda türkəçarə müalicə alırdılarsa, indi bütün bölgələrdə fəaliyyət göstərən dializ mərkəzlərinə gedirlər. Ona görə də xəstələrin sayı ildən-ilə artır". 

F.Babayev deyib ki, böyrək çatışmazlığı xəstəliyi tam müalicə olunmadığından xəstələrin sayının azalması mümkün deyil.

Son xəbərlər

Orphus sistemi