Azərbaycanda "Bitki Mühafizəsi haqqında" Beynəlxalq Konvensiyanın Avropa və Mərkəzi Asiya üçün regional tədbiri keçirilir.
"Report" xəbər verir ki, tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir (AQTA).
“Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunan tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya ilə əlaqədar məlumatlılığın artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Tədbirdə ümumilikdə 40 nəfər olmaqla, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi, Azərbaycan ofisi, IPPC, EPPO və üzv ölkələrin nümayəndələrinin iştirakı nəzərdə tutulub. IPPC katibi Osama El-Lissy, EPPO-nun baş direktoru Nico Horn, FAO-nun nümayəndəsi Melek Çakmakın da regional tədbirdə iştirak edir.
Səyahət məhdudiyyəti ilə əlaqədar olaraq Bakıya gələ bilməyən iştirakçılar tədbirə Parisdən onlayn formatda qoşulurlar.
Qeyd edək ki, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının VI konfransında qəbul olunub. Azərbaycan 2000-ci il martın 14-dən etibarən həmin konvensiyaya qoşulub.
Konvensiyanın katibliyi üzv ölkələr arasında bitki resurslarının mühafizəsi və təhlükəsiz ticarətin təmini sahəsində informasiya mübadiləsinə kömək edir. Həmçinin katibliyin üzvləri beynəlxalq standartların hazırlanması və tətbiqinə yardım göstərir, tərəflər arasında münaqişələrin həllində iştirak edirlər.
Tədbir sentyabrın 7-nə qədər davam edəcək.






