"Ölkəmizdə baytarlıq xidmətlərinin təkmilləşdirilməsi istiqamətində islahatlar həyata keçirilib".
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirib.
Q.Əbdüləliyev xatırladıb ki, Azərbaycan Prezidentinin “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 22 aprel tarixli Fərmanına uyğun olaraq, baytarlıq xidmətlərinin müvafiq sahibkarlıq subyektləri tərəfindən müqavilə əsasında icra edilməsinə başlanıb.
Onun sözlərinə görə, bunun üçün Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində özəl fəaliyyətlə məşğul olan baytarlıq mütəxəssislərinin qeydiyyatı aparılaraq müvafiq reyestr tərtib edilib.
Həmçinin baş dövlət baytarlıq müfəttişi müdiri vurğulayıb ki, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqinə başlanıb:
"Beynəlxalq məsləhətçilərin iştirakı ilə sistemin proqram təminatı hazırlanaraq sınaqdan keçirilib və ilkin mərhələdə 50 başdan artıq iribuynuzlu heyvan saxlanılan təsərrüfatlar və onlara aid heyvanların, habelə atların identikləşdirilməsinə başlanıb. Ötən 9 ay ərzində 100 min başdan artıq heyvanın identikləşdirilməsi aparılıb. Ölkəyə idxal edilən iribuynuzlu heyvanlar barədə məlumatlar da sistemə daxil edilir ki, bu da heyvanların son təyinat nöqtəsinə qədər izlənməsinə imkan verir".
Eyni zamanda Q.Əbdüləliyev qeyd edib ki, müxtəlif xəstəliklər üzrə simulyasiya təlimlərinin assosiativ formada və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə keçirilməsi və təlimlərdə səyyar BSL-2 tipli laboratoriyalardan istifadə təcrübəsi sınaqdan keçirilib: "Tədbirin innovativ yanaşma tətbiq edilməklə keçirilməsi bu sahədə yenilik kimi xarakterizə olunub və müvafiq məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının internet resurslarında yayımlanıb".