Azərbaycanda 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır

Azərbaycanda 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biri qanın bədxassəli xəstəlikləridir
Sağlamlıq
11 Yanvar , 2017 12:23
Azərbaycanda 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır

Bakı. 11 yanvar. REPORT.AZ/ “Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır”.

“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir: “Bu aktuallıq onların mürəkkəbliyi sosial əhəmiyyəti, ağır kliniki gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Dünyada bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Ümumilikdə uşaq və gənc yaşlarında qanın bədxassəli şişlərdən ölüm hallarının 50 faizə yaxın olması diqqəti cəlb edir. Narahatedici amillərdən biri də odur ki, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biri qanın bədxassəli xəstəlikləridir". 

Baş hematoloq bildirib ki, son illər ölkədə qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsində xeyli irəliləyişlərə nail olunub: "Müasir diaqnostikanın əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi, o xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaradır".

“Son zamanlar qazanılan nailiyyətlər əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibətləri tamamilə dəyişərək onları sağalması mümkün olan xəstəliklərə aid etməyə imkan verir. Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicənin xəstələr üçün ağır maddi yük olması bu xəstəliklərə dövlət qayğısı tələb edən sosial əhəmiyyətli xəstəliklər hesab etməyə imkan verir”, - Ç.Əsədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi