Avstriyanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri AQTİ-nin laboratoriyaları ilə tanış olub

Avstriyanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri AQTİ-nin laboratoriyaları ilə tanış olub Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin (AGES) icraçı direktoru Tomas Kikincer Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baş çəkib.
Sağlamlıq
17 May , 2022 17:22
Avstriyanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri AQTİ-nin laboratoriyaları ilə tanış olub

Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin (AGES) icraçı direktoru Tomas Kikincer Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baş çəkib.

"Report" xəbər verir ki, AGES rəhbəri institutun laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub.

Laboratoriyalara baxış zamanı qonaqlar Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib, kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlara baxış keçirilib.

AGES rəhbəri Azərbaycanda müasir texnologiya və avadanlıqlara malik laboratoriyaların fəaliyyəti və işinin davamlı təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirib.

Daha sonra qonaq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə görüşüb.

Görüş zamanı AQTA sədri Qoşqar Təhməzli qonaqlara AQTİ-nin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Bildirilib ki, institutun fəaliyyətində əsas məqsəd insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə AQTİ tabeliyində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir.

Qeyd olunub ki, İnstitutun tabeliyində olan laboratoriyalarda infrastruktur beynəlxalq standartlar səviyyəsində qurularaq, ən müasir avadanlıqlarla təchiz edilib, eyni zamanda burada qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsi sahələrində dəqiq müayinə və analizlər həyata keçirilir.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər, o cümlədən qida təhlükəsizliyi ilə bağlı normativ texniki hüquqi aktların Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində Avstriya təcrübəsinin öyrənilməsi, qida məhsullarının idxal-ixrac prosedurlarının sadələşdirilməsi, risklərin və böhran vəziyyətlərinin idarəedilməsi ilə bağlı təcrübə mübadiləsi, laboratoriyaların inkişafı və qurulması sahəsində birgə əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Tərəflər arasında dinamik inkişafa əsaslanan əməkdaşlıq münasibətlərinin gücləndirilməsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin faydalı olacağı da vurğulanıb.

Son xəbərlər

Orphus sistemi