AQTA sahibkarlara müraciət etdi

AQTA sahibkarlara müraciət etdi Azərbaycana idxal olunan qida məhsulları müvafiq qaydada tanınan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşaiyət olunmalıdır.
Sağlamlıq
16 Sentyabr , 2020 12:14
AQTA sahibkarlara müraciət etdi

Azərbaycana idxal olunan qida məhsulları müvafiq qaydada tanınan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşaiyət olunmalıdır.

Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, bu, “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinin tələbidir.

Qeyd olunub ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı Qərarına, ekspertizası isə Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Agentlik fəaliyyətə başladığı dövrdən etibarən, müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparır, görüşlər keçirir. Lakin bəzi hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunmaqdadır: “Belə ki, qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərdən irəli gələrək, BFMQƏ-nin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.

Eyni zamanda, bioloji fəallığa malik qida əlavələrinə dair ekspertizaya təqdim edilmiş sənədlərdə və məlumatlarda dəyişiklik baş verdikdə, ərizəçi həmin qida əlavələrinin müəyyən edilmiş tələblərə uyğun olaraq yenidən ekspertizadan keçirilməsi üçün müraciət etməlidir. “İstehsalçının adı, yerləşdiyi ölkə, ünvanı, əmtəə nişanı”nın qeyd edilməsinə dair tələbi yerinə yetirilərkən sözügedən məlumatlar SN AEM-nin rəyində qeyd edilən məlumatlarla eynilik təşkil etməlidir.

Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir. Qanunvericiliyin tələbləri pozulmaqla idxal edilmiş bioloji fəallığa malik qida əlavələrinin qida təhlükəsizliyi seritifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcəkdir.

Ölkə əhalisinin sağlam qida ilə təmin edilməsi və bu sahədə nəzarətin təşkili, sahibkarlıq subyektlərinin bu istiqamətdə təklif etdikləri məhsul və xidmətlərin yalnız istehlakçı hüquqlarının qorunmaqla dövriyyəyə buraxılması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir.

Odur ki, həm sahibkarlıq subyektlərini, həm də istehlakçıları bu sahədə qanunvericiliyin tələblərinə əməl etməyə dəvət edirik".

Son xəbərlər

Orphus sistemi