AQTA “Sağlam məktəbli” layihəsinin icrasına başlayıb

AQTA “Sağlam məktəbli” layihəsinin icrasına başlayıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsinə start verib.
Sağlamlıq
12 Oktyabr , 2018 15:10
AQTA “Sağlam məktəbli” layihəsinin icrasına başlayıb
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” maarifləndirici layihəsinə start verib.

Bu barədə "Report"a AQTA-dan bildirilib.

Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Layihə çərçivəsində Nəsimi rayonunda yerləşən 8 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirilib. Tədbirdə ilk olaraq məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub.

Daha sonra Agentlik əməkdaşları tərəfindən təqdim olunan 16 oktyabr – Ümumdünya Qida Günü ilə əlaqədar təqdimatlar və “Mən qidayam” adlı videoçarx şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast Food qidaların ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb.

Sonda Agentliyin mütəxəssisləri tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

Qeyd edək ki, cari ilin sonunadək layihənin Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi