AQTA heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün görülən işləri açıqlayıb

AQTA heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün görülən işləri açıqlayıb "Heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı bir sıra vacib işlər görülür və hazırda bu sahədə tədbirlər sürətlə davam etdirilir".
Sağlamlıq
12 Noyabr , 2021 15:02
AQTA heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün görülən işləri açıqlayıb

"Heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı bir sıra vacib işlər görülür və hazırda bu sahədə tədbirlər sürətlə davam etdirilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri, ölkənin baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

O qeyd edib ki, görülən işlər çərçivəsində Agentlik əməkdaşları beynəlxalq ekspertlərlə birgə ölkə ərazisində epizootoloji və seroloji monitorinqlər keçirib və məlumatlar toplanaraq zəruri tədbirlər görülüb.

Şöbə müdiri xatırladıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkəmiz bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır: "Bu xəstəliklərdən biri də xırdabuynuzlu heyvanların taunu xəstəliyidir. Ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının OIE tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı müraciət etmək imkanına malikdirlər".

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO Baş Qərargahının ekspertləri Susanne Munstermann və Kamila Benfield Azərbaycanda səfərdədirlər. Beynəlxalq ekspertlərin səfəri çərçivəsində Azərbaycanın xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı görülən işlər, Azərbaycan hökuməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstəyin göstərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, xırdabuynuzlu heyvanların taunu xəstəliyi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Transsərhəd Heyvan Xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər dünyada ləğv olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi