Baş həkim: “Antibiotikləri necə gəldi istifadə etmək bizi mikroblar qarşısında “silahsız” qoya bilər” - MÜSAHİBƏ

Baş həkim: “Antibiotikləri necə gəldi istifadə etmək bizi mikroblar qarşısında “silahsız” qoya bilər” - MÜSAHİBƏ ""Antibiotiklərin istifadəsinin idarə olunması" proqramların hazırlanması hər bir ölkə üçün milli təhlükəsizlik məsələsidir"
Sağlamlıq
18 May , 2016 13:27
Baş həkim: “Antibiotikləri necə gəldi istifadə etmək bizi mikroblar qarşısında “silahsız” qoya bilər” - MÜSAHİBƏ

Bakı. 18 may. REPORT.AZ/ Bu yaxınlarda Türkiyə Cümhuriyyətində “Antibiotiklər” mövzusunda Konqres keçirilib. Türkiyəli həkimlərin də qatıldığı həmin konqresdə Azərbaycanı Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının baş həkimi, dosent Ramin Bayramlı təmsil edib. O, Konqresdə bölmələrdən birinə sədrlik edib və Təşkilat Komitəsinin üzvü olub.

"Report" ATU-nun Tədris Terapevtik Klinikasının mətbuat xidmətinə istinadən baş həkimdən müsahibəni təqdim edir:

- Bu yaxınlarda Türkiyə Cümhuriyyətində Antibiotiklər mövzusunda Konqresdə iştirak edibsiniz. Konqresdə nələr müzakirə olundu?

- Bəli, Türkiyədə 31-ci ANKEM, yəni "Antibiotiklər və Kimyəvi terapiya" Konqresində iştirak edirdim. Konqresin mahiyyəti "ağıllı antibiotik istifadəsi"nin elmi-praktik cəhətlərini və bu istiqamətdə yenilikləri mütəxxəsislərin biri-biri ilə paylaşmasından ibarət idi.

- “Ağıllı antibiotik istifadəsi” dedikdə nə nəzərdə tutulur?

- Öncə antibiotiklərin nə olduğuna baxaq. Antibiotiklər bəzi bakteriyaların səbəb olduğu infeksiyaların müalicəsində istifadə olunan, bakteriyaları öldürən və ya onların çoxalmasını dayandıran maddələrdir. Antibiotiklər ilk dəfə 1928-ci ildə alman alimi Aleksandr Fleminq tərəfindən kəşf olunub. Bir misalla antibiotiklərin əhəmiyyətini izah etsək, əgər bu maddələr kəşf olunmasaydı, İkinci Dünya Müharibəsində ölənlərin sayı yüz milyonlarla olardı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1985-ci ildə Nairobidə keçirdiyi toplantı "ağıllı dərman istifadəsi" mövzusunu gündəmə gətirmiş və tədqiqatlara başlanğıc vermişdir. ÜST-ün məlumatlarına görə dünya miqyasında bütün dərmanların təxminən 50%-nə uyğun olmayan formada resept yazılır və satılır. Bütün xəstələrin isə təxminən yarısı dərmanlarını qeyri-dəqiq formada qəbul edir.

Ağıllı antibiotik istifadəsi dedikdə isə hər hansı bir şəxsin xəstəliyinə və fərdi xüsusiyyətlərinə görə uyğun antibiotiki, uyğun müddətdə, dozada, ən aşağı maliyyətlə təmin etmək anlaşılır. Bəs ağıllı antibiotik istifadəsinə kimlər məsuliyyət daşıyır: həkim, əczaçı, tibb bacısı, digər tibbi xidmət personalı, xəstələr və onların yaxınları, istehsalçı, tənzimləyici qurumlar, yəni müvafiq səhiyyə qurumları və digər qurumlar, o cümlədən, media, dərnəklər, akademik cəmiyyətlər və s.

- Bəzi insanlar hərarəti yüksələn kimi antibiotiklərdən istifadə etməyə başlayırlar. Sizcə, bu nə dərəcədə düzgündür?

- Bu çox acınacaqlı haldır. İnsanlar bilməlidir ki, antibiotiklər dedikdə əsasən bakteriyalara təsir edən maddələr nəzərdə tutulur. Hərarətə isə digər mikroorqanizmlər, əsasən də viruslar da səbəb olur. Bundan başqa, onlarla revmatoloji, onkoloji və sair xəstəliklər zamanı da bədən hərarəti yüksəlir. Bir şeyi qeyd edim ki, antibiotiklər viruslara təsir etmir. Nə də bu maddələr antipiretik, yəni qızdırmasalıcı deyil. Və bu maddələri necə gəldi istifadə etmək bizi getdikcə antibiotiklərə qarşı davamlılıq qazanan mikroblar qarşısında "silahsız" qoya bilər.

- Antibiotiklərə qarşı davamlılıq da problemlər yaradır?

- İlk antibiotik olan Penisillinin ötən əsrin 40-cı illərində istifadəsinə başlanılandan çox qısa müddət sonra davamlılıq, bunu rezistentlik də adlandıra bilərik, problemi meydana çıxmağa başladı. Yəni mikrobların antibiotik molekulundan özlərini qoruya bilmə qabiliyyətləri bir fakt olaraq qarşımıza çıxdı. Məhz bu səbəbdən yüzlərlə yeni antibiotik molekulunun kəşfi üçün tədqiqatlara başlanıldı, ancaq bunlardan istifadəyə uyğun olanları onlarla hesablanır, yəni işə yarayan molekul o qədər də çox deyil. 20-ci əsrin sonlarından etibarən kəşf olunan antibiotiklərin sayı sürətlə azalmağa başladı, son illər isə demək olar ki, yeni heç nə yoxdur. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, biz həqiqətən də bakteriyalar qarşısında tam silahsız, çarəsiz qala bilərik. Dünyada tibbi manipulyasiyaların bu qədər sürətlə inkişaf etməsi özü ilə bərabər yoluxma riskini də artırır. Bəzi xəstəxanalar deyir ki, biz müasirik, xəstəxanamızda hər şey yüksək səviyyədədir. Amma vacib olan məqamlardan biri də budur ki, tibbi xidmətlər nə qədər müasirdirsə, nə qədər çox müasir əməliyyatlar aparılırsa, bir o qədər də yoluxma ehtimalı artır.

- Siz xəstəxanadaxili infeksiyaları nəzərdə tutursunuz?

- Tamamilə haqlısınız. Bəli, bu ən təhlükəli infeksiyalardır. Xəstəxanadaxili və ya nozokomial infeksiyaların törədiciləri əhali arasında yayılan mikroblardan kəskin fərqlənir. Soruşa bilərsiniz nə ilə? Xəstəxana daxilində yayılan mikroblar antibiotiklərə qarşı daha çox davamlı olurlar. Sadə dildə desək, bu mikroblar daha çox antibiotiklə qarşılaşdığı üçün, çoxlu sayda da antibiotiklərə davamlılıq qazanır, yəni həmin antibiotik molekullarını parçalaya bilən genetik, biokimyəvi və digər mexanizmlər qazanırlar. Baxın, ağıllı antibiotik istifadəsi bunun üçün lazımdır. Bakteriya nə qədər çox antibiotiklə qarşılaşarsa, bir o qədər də çox antibiotik istifadəyə yararsız olacaqdır.

- Məsələdən çıxış yolu nədədir?

- Söhbətimizin əvvəlində bəhs etdiyimiz konqresdən bir qədər kənarlaşdıq. İştirak və bölmələrindən birinə sədrlik etdiyim konqresdə elə bu çıxış yollarını bu sahənin mütəxəssisləri ilə birgə müzakirə etdik. Bir neçə vacib məsələnin hər bir ölkədə öz həllini tapmasının vacibliyi vurğulandı.

Birincisi, antibiotiklərin istiadəsini idarə etmək üçün xüsusi proqram hazırlanmalıdır. İngiliscə "Antimicrobial Stewardship" adlandırılan, mənası "Antibiotiklərin idarə olunması" anlamına gələn bu proqramların hazırlanması hər bir ölkə üçün milli təhlükəsizlik məsələsidir. ABŞ-da, Ağ evdə 2015-ci ilin iyununda "Antibiotiklərin idarə olunması"na dair forum keçirilib. Prezident Barak Obamanın göstərişi ilə Ağ evdə Federal Antimikrob Rezistentlik Alyansı (Federal Engagement in Antimicrobial Resistance) tərəfindən "Antibiotiklərə rezistent bakteriyalarla mübarizə üçün milli fəaliyyət planı" (National action plan for combating antibiotic resistant bacteria) işlənib hazırlanıb.

Amerika İnfeksion Xəstəliklər Cəmiyyəti (IDSA) tərəfindən antibiotiklərin istifadəsini idarə etmək üçün xüsusi protokollar hazırlanıb. İngiltərədə də 2015-ci ildə "England guidelines for antimicrobial stewardship" adlandırılan protokollar hazırlanmışdır. Avropa ölkələrinin əksəriyyəti son illər ölkələrinin milli təhlükəsizliyi baxımından ən yüksək səviyyədə öz fəaliyyətlərini tənzimləyirlər. Hesab edirəm ki, ölkəmizdə bu istiqamətdə sürətli addımlar atılmalıdır.

İkincisi, ən vacib məsələ antibiotiklərin kimlər, yəni hansı mütəxəssislər tərəfindən təyin olunması məsələsidir. Qonşu Türkiyə Cümhuriyyətində və əksər Avropa ölkələrində bu məsələ artıq həllini tapıb. Antibiotikləri yalnız həkim-infeksionistlər, yəni yoluxucu xəstəliklər üzrə mütəxəssislər təyin edə bilər. Burada bəzi istisnalar ola bilər, məsələn cərrahi profilaktika məqsədilə əməliyyatdan əvvəl tək doza verilən antibiotiklər istisna təşkil edə bilər. Bütün bunlar da müvafiq protokol və qanunvericiliklərlə tənzim olunmalıdır. Bir məsələni də vurğulayım ki, ölkəmizdə yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssislərin hazırlığına xüsusi diqqət ayrılmalıdır.

Üçüncüsü, antibiotiklərin reseptsiz satışı məsələsinə baxılmalı, bu məsələ də müvafiq qaydalarla tənzimlənməlidir. Bu baxımdan elektron resept nüsxələrinin tətbiqi məsələyə nəzarət etməyə imkan verə bilər. Ölkəmizdə elektron səhiyyənin fəaliyyətə başlaması təqdirəlayiq haldır. Hesab edirəm ki, dərmanların yazılmasına nəzarət də sürətlə həyata keçirilməlidir. Çünki son zamanlar təkcə xəstəxana daxilində deyil, eləcə da əhali arasında antibiotiklərə davamlı mikrobların yayılması ciddi narahatlıq doğurur. Bir daha deyirəm, belə davam edərsə, əlimizdə mikroblara təsir edə biləcək antibiotik qalmayacaq. Çünki yeniləri kəşf olunmur.

Dördüncüsü, xəstəxanalarda ən müasir müalicə protokolları tətbiq olunmalı, konkret xəstəliklərə uyğun dozalar müəyyən edilməli və standartlaşdırma üçün bütün bunlar xəstəxanaların kompyuter bazasına daxil edilməlidir. Xəstəxanaların daxilində isə "İnfeksiya nəzarət" və "Antibiotik istifadəsinə nəzarət" komitələri qurulmalıdır. Çox sadə bir məsələ, əl gigiyenasına düzgün riayət olunması xəstəliklərin yayılmasının qarşısını böyük ölçüdə alır. Bu çoxlarına sadə görünə bilər, ancaq inanın ki, sizinlə birlikdə test etsək, əksər tibb işçilərinin bunu düzgün icra edə bilməyəcəyinin şahidi olacağıq.

Beşincisi, bütün xəstəxanaların müasir Mikrobioloji laboratoriyası olmalı, bu laboratoriyalarda mövcud standartlar tətbiq edilməlidir. Hazırda qəbul edilmiş 2 standart var: ABŞ Klinik və Laborator Standartlar İnstitutunun (Clinical and Laboratory Standarts Institute, CLSI), bir də Avropa Antibiotiklərə Həssaslıq Testləri Komitəsinin (European Committee on Antimicrobial Susceptibility Testing - EUCAST) standartları. Təəssüflə qeyd etməliyəm ki, bu gün bu standartlar tətbiq olunan laboratoriyalarımız azdır. Ancaq rezidentura pilləsində yetişməkdə olan gələcəyin klinik mikrobiologiya mütəxəssisləri ilə bu boşluğu doldurmaq mümkündür.

Qeyd etdiyim kimi, virus xəstəlikləri kimi qeyri-bakterial xəstəliklərdə antibiotik istifadə olunmamalıdır. Bunun üçün dəqiq diaqnostik üsullar olmalıdır. Məsələn, uşaqlarda respirator virusları təyin edən sürətli üsullar mövcuddur. Yenə də uşaqla arasında ishalların başlıca səbəbi rota və adeno viruslardır və bunları təyin edən üsullar vardır. Həmçinin yüksək hərarətlə müşayiət olunan bir sıra revmatik xəstəliklərə də asanlıqla diaqnoz qoymaq mümkündür. Bu xəstəliklər zamanı qətiyyən antibiotik istifadə olunmamalıdır. Bakterial infeksiyaların ən mükəmməl markerləri hesb edilən C-reaktiv protein, prokalsitonin kimi testləri bütün xəstəxanaların icra etmək imkanları olmalıdır.

Bunlardan başqa, veterinar, yəni baytarlıq praktikasında antibiotiklərin istifadəsinə ciddi nəzarət olunmalıdır. Bu sahədə həddindən artıq sui-istifadəyə yol verilir. Heç kimə sirr deyil ki, bəzən baytarlıq apteklərindən kiloqramlarla antibiotik alınır. Heyvan mənşəli məhsulların tərkibində biz bu antibiotikləri qəbul etmiş oluruq. Həmçinin heyvanlar arasında da davamlı bakteriyalar yayılır.

- Müsahibənin yekunundan belə anlayırıq ki, antibiotiklər ölkələr üçün strateji əhəmiyyətli dərman maddələridir.

-Tamamilə doğrudur. Bizim ölkəmizdə də "Antibiotiklərin istifadəsinin idarə olunmasına dair" dövlət proqramı hazırlanmalıdır. Antibiotikləri istifadə edən bütün sahələrin mütəxəssisləri ən qısa müddətdə bir araya gələrək bu milli məsələyə öz töhfələrini verməlidirlər. Sürətlə inkişaf edən ölkəmiz və səhiyyəmiz heç bir sahədə gecikməyə yol verməməlidir.

Son xəbərlər

Orphus sistemi