Ağciyər xərçənginin müalicəsi üçün unikal kəşf

Ağciyər xərçənginin müalicəsi üçün unikal kəşf Alimlər “Cyrtrandroemia nicobarica” bitkisinin yarpaqlarından alınan ekstraktdan istifadə edərək sink asetatdan ağciyər xərçənginin müalicəsi üçün nanorodlar əldə ediblər.
Sağlamlıq
8 Dekabr , 2020 14:32
Ağciyər xərçənginin müalicəsi üçün unikal kəşf

Beynəlxalq tədqiqatçılar qrupunun tərkibində fəaliyyət göstərən “MİSiS” Milli Tədqiqat Texnoloji Universitetinin alimləri xərçəng hüceyrələrinin artımına maneə törədən sink oksidi nanorodları əldə etməyə müvəffəq olub. Mütəxəssislərin fikrincə, yaradılan nanorodlar o cəhətdən unikaldır ki, heç bir toksik maddənin iştirakı olmadan, tropik bitkinin yarpaqlarından alınan ekstrakt istifadə edilərək əldə olunur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tədqiqatın nəticələri “JOM” jurnalında dərc olunub.

Alimlər Benqal körfəzində yerləşən və Hindistanın İttifaq ərazilərinə daxil olan Andaman və Nikobar adalarının rütubətli tropik meşələrində bitən “Cyrtrandroemia nicobarica” bitkisinin yarpaqlarından alınan ekstraktdan istifadə edərək sink asetatdan ağciyər xərçənginin müalicəsi üçün nanorodlar əldə etməyi bacarıblar.

Mütəxəssislər qeyd edirlər ki, bu gün sink oksidi nanorodlarından (ZnO NR) müxtəlif xəstəliklərin müalicəsində fəal şəkildə istifadə olunur: onların köməyi ilə dərmanları insanın xəstə orqanlarına yeritmək və orqanizmin zərər görmüş hissələrinin görüntüsünü əldə etmək olar. Onlar antibakterial təsir göstərirlər və xüsusilə hüceyrə membranlarına zərər verərək xərçəng hüceyrələrinin artımına maneə törətməkdə təsirli olurlar.

Ekspertlərin fikrincə, araşdırma seçilmiş bitki ekstraktı əsasında yaradılmış zəhərli olmayan ZnO nanorodlarından istifadə edərək ağciyər xərçənginin nanotexnologiyaya əsaslanan hədəfli müalicəsinin mümkün olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi