Otuz doqquz rayon və şəhərdə 40 modul tipli heyvan kəsimi məntəqəsi yaradılacaq

Otuz doqquz rayon və şəhərdə 40 modul tipli heyvan kəsimi məntəqəsi yaradılacaq 2019-cu ildə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədi ilə ölkə üzrə müasir heyvan kəsimi məntəqələrinin təşkil olunması istiqamətində 85 müraciət daxil olub, onlardan 35 heyvan kəsimi məntəqəsi qida təhlükəsizliyi qeydiyyatına götürülüb.
Sağlamlıq
17 Yanvar , 2020 11:58
Otuz doqquz rayon və şəhərdə 40 modul tipli heyvan kəsimi məntəqəsi yaradılacaq

"2019-cu ildə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədi ilə ölkə üzrə müasir heyvan kəsimi məntəqələrinin təşkil olunması istiqamətində 85 müraciət daxil olub, onlardan 35 heyvan kəsimi məntəqəsi qida təhlükəsizliyi qeydiyyatına götürülüb".

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 34 müəssisənin yaradılması üçün ərazi və yenidən qurulması tələb olunan mövcud obyekt ekspertizadan keçirilib, 21 müəssisə texniki normativ hüquqi aktlara cavab vermədiyi üçün qeydiyyatdan imtina edilərək mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə təlimatlandırılıb:

"25 heyvan kəsimi məntəqəsi müvafiq təlimatlar əsasında yenidən qurulub, 6 məntəqədə isə yenidənqurma işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə heyvan kəsimi məntəqəsi olmayan Bakı şəhəri və regionlar üzrə 39 rayon və şəhərdə mərhələli şəkildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən 40 modul tipli heyvan kəsimi məntəqəsinin yaradılması nəzərdə tutulur".

Q.Təhməzli bildirib ki, heyvan xəstəliklərinin ölkəyə daxil olması riskinin aradan qaldırılması üçün Agentlik tərəfindən heyvan xəstəlikləri qeydə alınan ölkələrdən heyvan, quş və heyvandarlıq məhsullarının idxalına məhdudiyyət tətbiq olunması ilə bağlı 13 qərar qəbul edilib:

"Epizootoloji monitorinqlər nəticəsində 5 halda heyvanlarda qarayara xəstəliyi aşkar olunub və bu haqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına bildiriş göndərilib. Yüksək patogen quş qripi xəstəliyindən qorunmaq məqsədilə epizootoloji monitorinqlər aparılıb, 192 baş çöl quşundan və müxtəlif növ ev quşlarından alınan 1371 qan nümunələri biotəhlükəsizlik səyyar laboratoriyasında diaqnostik müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb".

Sədr bildirib ki, ötən il Qurban bayramı günlərində heyvan kəsiminin daha intensiv aparıldığı rayon və şəhərlərdə 44 stasionar və 30 çadırtipli kəsim məntəqələrində heyvanların sanitar-gigiyenik qaydalara uyğun kəsiminin aparılması məqsədilə baytarlıq nəzarəti tədbirləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi