Yuxarı

Zərif: "İranla "altılıq" ölkələri arasında 6 mövzuda anlaşılmazlıq qalır"

İran XİN başçısı razılaşdırılmamış məsələləri açıqlayıb

Bakı. 29 noyabr. REPORT.AZ/ İranla "altılıq" ölkələri arasında keçirilən nüvə müzakirələrində 6 mövzuda anlaşılmazlıq qalır. "Report"un İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İran parlamentinin qapalı iclasında təxminən 10 aydır davam edən və noyabrın 24-də başa çatan nüvə müzakirələri haqqında deputatlara ətraflı məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bunlar sentrifuqaların sayı, ağır su nüvə reaktorlarının vəziyyəti, nüvə əməkdaşlığı, sanksiyalar və İranın sərmayə bazarına qoşulma tarixinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərdir. 

Nazir son müzakirələrdə danışıqların bir həftə davam etdiyini xatırladaraq, gün ərzində təxminən 7 saat iclas keçirildiyini deyib: "Müzakirələrdə Rusiya ilə 4, Almaniya, İngiltərə və Fransa ilə 2, Çin, Avstriya və Almaniya ilə cəmi 1 iclas reallaşıb. Təxminən 80 saatda 39 toplantı baş tutub. Tərəflər arasında noyabrın 18-də başlayan və 7 gün davam edən son müzakirələrdə danışıqların 7 ay daha uzadılmasına qərar verilib. Bu müddətin ilk 4 ayında siyasi razılaşma və ya yekun anlaşmaya nail olmaq üçün səy göstəriləcək. Bəlkə də daha tez razılıq əldə olundu və hətta son 3 ayda müqavilənin texniki və hüquqi detalları yazılacaq".

Qeyd edək ki, İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa) və Almaniyadan ibarət "altılıq" ölkələri arasında aparılan və son danışıqları Vyanada davam etdirilən nüvə müzakirələri nəticəsində yekun razılaşmaya nail olunmayıb və müzakirələrin müddəti gələn il iyulun 1-nə qədər uzadılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi