Yerevan polisi etirazçıların zibil konteynerlərindən ibarət barrikadasını yığışdırır

Yerevan polisi etirazçıların zibil konteynerlərindən ibarət barrikadasını yığışdırır Polis rəsinin müavini: "Əks halda qanunun yol verdiyi qaydalarla davranacağıq"
Region
29 İyun , 2015 11:01
Yerevan polisi etirazçıların zibil konteynerlərindən ibarət barrikadasını yığışdırır

Bakı. 29 iyun. REPORT.AZ/ Ermənistan polisi aksiya iştirakçılarının Yerevanın Baqramyan prospektində barrikada kimi istifadə etdiyi zibil qablarını yığışdırmağa başlayıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Asayiş keşikçiləri aksiya iştirakçılarına müraciət edərək, zibil qabları yığışdırılan zaman onlara mane olmamalarını istəyib.

Məlumatda bildirilib ki, etirazçılar zibil qablarının götürülməsinə imkan vermək istəmir. Həmin zibil konteynerləri Yerevanın "Sanitek" təmizlik şirkətinə məxsusdur.

Polis aksiya iştirakçılarına izah edib ki, etirazçıların zibil qablarının götürülməsinə imkan verməmələri qeyri-qanunidir.

Polis polkovniki Arsen Ayvazyan deyib ki, şirkət mülkiyyətlərinin qanunsuz olaraq, müsadirə edildiyindən və zədələndiyindən şikayət edib.  

Yerevan polis rəisinin müavini Valeri Osipyan isə aksiya iştirakçılarını zibil qablarını verməyə və müqavimət göstərməməyə çağırıb: "Əks halda qanunun yol verdiyi qaydalara uyğun davranacağıq".

Aksiyada iştirak edən bir qrup gənc isə ayağı ilə zibil qablarına döyəcləyərək, "Verməyəcəyik" şüarı səsləndiriblər. 

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etiraz bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Son xəbərlər

Orphus sistemi